İqtisadi sahədə yeni hədəflərə doğru ARAŞDIRMA

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və iqtisadi islahatlar nəticəsində ölkəmizdə siyasi sabitlik möhkəmlənməklə yanaşı iqtisadi inkişaf dinamikası davam etməkdədir. Ölkə başçısı tərəfindən həyata keçirilən məqsədyönlü və mükəmməl siyasətin nəticəsidir ki, cari ilin ötən 6 ayı ərzində ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft istehsalı və ixracının həcminin artması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Dövlət başçısı yanında iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə də qeyd olunduğu kimi iqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artıb.

Son 6 ayda iqtisadi sahədə əldə etdiyimiz uğurları bir də ekspertlərin dilindən eşidək.

"6 ayda Azərbaycan iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub"

Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Azərbaycan iqtisadiyyatı müəyyən olunmuş proqramlar üzrə inkişaf edir: “Ötən 6 ayda iqtisadi sahədə ən mühüm nailiyyətlərdən biri kənd təsərrüfatında rekord göstəricinin əldə edilməsidir. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artıb, bitkiçilikdə 25 faiz artım əldə olunub. Bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir”.

Cari ilin birinci yarısında ticarət dövriyyəsinin 20 faizdən çox artdığını deyən deputat söyləyib ki, altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub: “Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Ötən 6 ayda əhalinin gəlirləri 6,6 faiz artıb, inflyasiya 2 faiz təşkil edib. Yəni əhalinin real gəlirləri inflyasiyanı 3 dəfə üstələyib. Ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi siyasət maliyyə-büdcə-valyuta ehtiyatlarının davamlı şəkildə artmasını təmin etməkdədir. Valyuta ehtiyatlarımız rekord həddə – 49 milyard dollara çatıb. Bu gün əksər ölkələrin valyuta rezervləri azaldığı halda, Azərbaycanın valyuta ehtiyatları artır. Strateji ehtiyatlarının artması Azərbaycanda maliyyə sabitliyinin və iqtisadi inkişafın təmin edilməsinə mühüm rol oynayır. Valyuta ehtiyatlarının artması güclü sabitlik potensialını möhkəmləndirir. Valyuta ehtiyatlarının yüksək artım tempi güclü iqtisadi təhlükəsizlik yastığının təmin edilməsində də xüsusi əhəmiyyət kəsb edir. Cari ildə yürüdülən uğurlu siyasət Azərbaycanın xarici borcunun azalmasına da səbəb olubdur. Hazırda ölkəmizin xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir. Dövlət başçısının tapşırığına əsasən xarici borcun yaxın illərdə daha da azaldılması qarşıya vəzifə kimi qoyulub. Bu məsələ ilə bağlı müvafiq proqram hazırlanıb və həyata keçirilməkdədir”.

"Ölkə iqtisadiyyatı 2.4 faiz artıb"

İqtisadçı ekspert Vüqar Bayramov isə söyləyib ki, bu ilin birinci yarısında Azərbaycan müəyyənləşdirdiyi iqtisadi prioritetlərə nail ola bilib: “Ötən 6 ay müddətində ölkə iqtisadiyyatı 2.4 faiz artıb. Qeyri-neft sektorunun ÜDM-də artan faizi 3.2-dir”.

Qeyri-neft sənayesində artım 15,7 faiz olduğunu deyən iqtisadçı söyləyib ki, bu, nəticə etibarı ilə ÜDM-dəki artımın daha çox qeyri-neft sektorundakı artım hesabına formalaşması anlamına gəlir.

Onun sözlərinə görə, son 6 ayın göstəricilərə baxdıqda bir daha məlum olur ki, qeyri-neft sektorunun ümumi iqtisadi artıma təsir imkanları daha genişdir: “Bu da ilin birinci yarısının pozitiv cəhətlərindəndir. Çünki prioritetlərimizdən biri məhz qeyri-neft sektorunun ümumi artımda payını artırmaqdan ibarət idi. Bu, qeyri-neft sənayesinin ÜDM-dəki daha dayanıqlı olması baxımından artım tempinin formalaşmasına imkan verir ”.

"Dövlət rezervlərini artırmışıq"

V. Bayramov bildirib ki, ötən ilin 6 ayında iqtisadi göstəricilərlə əlaqədar mühüm məqamlardan biri dövlət rezervləri ilə bağlıdır: “Belə ki, burada 4 milyard dollara yaxın artım qeydə alınıb. Bu da əlbəttə ki, Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə də qeyd olunduğu kimi xərcləmələrin konsolidasiya olunması, səmərəlilik prinsipinin həyata keçirilməsi büdcədə kəskin xərcləmələrə gedilməməsi, eləcə də Dövlət Neft Fondundan büdcəyə transferlərin optimallaşdırılması ilə bağlıdır. Eyni zamanda neftin dünya bazarında da qiymətin proqnozlaşdırılandan daha yüksək oldu. Bildiyimiz kimi, bu ilin büdcəsində neftin qiyməti 60 dollar, lakin satış qiyməti 65 dollardan çox oldu. Bu baxımdan valyuta yığımı daha geniş olub ki, bunun da nəticəsində Azərbaycan 6 ay müddətində dövlət rezervlərini artırmaq imkanına malik olub”.

Qeyd olunanlar bir daha təsdiq edir ki, Azərbaycan iqtisadi sahədə yeni hədəflərə doğru irəliləyir. Ölkəmiz dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə