Mərkəzi Bank “Azərbaycanda standart bank hesab nömrəsi” mövzusunda təqdimat keçirib

Mərkəzi Bank “Azərbaycanda standart bank hesab nömrəsi” mövzusunda təqdimat keçirib

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən kommersiya banklarının və "Azərpoçt" MMC-nin nümayəndələri üçün "Azərbaycanda standart bank hesab nömrəsi (İBAN)" mövzusunda təqdimat keçirilib.

Mərkəzi Bankdan SİA-ya verilən xəbərə görə, təqdimatda Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova İBAN-ın mahiyyəti, strukturu, üstünlükləri və Azərbaycanda mövcud bank hesab nömrələrinin standartlaşdırılması məqsədilə yaradılmış İşçi Qrupunun fəaliyyəti və Azərbaycanda tətbiq ediləcək İBAN-ın strukturu və hesablar barədə ətraflı məlumat verib.

Tədbirdə həmçinin İBAN-a keçidlə əlaqədar bankların görəcəyi işlər və həmçinin Tədbirlər Planına uyğun olaraq reallaşdırılması zəruri olan məsələlərə də toxunulub.

İBAN - Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan bank hesab nömrəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə