Özbəkistan portalı Bakı-Tbilisi-Qars layihəsindən yazıb FOTO

Daşkənddəki kultura.uz portalı rus dilində “Bakı-Tbilisi-Qars layihəsi Özbəkistanın Avropaya yeni dəhlizi ola bilər” sərlövhəli böyük məqalə yerləşdirib. SİA-nın məlumatına görə, məqalədə bildirilir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolları” ASC-nin sədri Mamuka Baxtadze və Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan, həmçinin bu ölkələrin digər əlaqəli nazirliklərin rəhbərləri qatarla Tbilisidən Axalkalakiyə gedib, dəhlizdə son tamamlama işləri ilə tanış olublar.

Cavid Qurbanov jurnalistlərə deyib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun ilk sınağı uğurla başa çatdı: "Dəhliz artıq istismara hazırdır. Bu qatarla biz Tbilisidən Qarsa gəldik. Yaxın günlərdə dövlətlərimizin başçılarının iştirakı ilə Bakıda BTQ-nin rəsmi açılışı olacaq”.

Məqalədə qeyd olunur ki, BTQ dəmiryol layihəsi Azərbaycanın təşəbbüsüdür və bu ölkələrin dəmir yolunu birləşdirəcək.

Yazıda deyilir ki, BTQ dəhlizinin yaradılması ilə bağlı müqavilə imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Bu layihə bizi daha da birləşdirəcək və əməkdaşlığımızı genişləndirəcək. Bu layihə bizim dövlətlərin iqtisadi maraqlarına cavab verir və bizim regionda sülhü möhkəmləndirəcək”.

Materialda layihə haqqında da məlumat verilir, deyilir ki, ildə bu yolla 6 milyon ton yük, 1 milyon sərnişin daşınması nəzərdə tutulur, sonra yük daşımalarının həcminin 17 milyon tona çatdırılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə