"Azərbaycanın mənzil fondu lazımi tələbləri ödəmir" MÖVQE

"Azərbaycanın mənzil fondu lazımi tələbləri ödəmir" MÖVQE

"Azərbaycanda tikinti sektorundakı durğunluğun səbəbi mənzil bazarındakı vəziyyətlə bağlıdır. Çünki, ölkədə mənzilə tələbat azalıb". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, nə qədər az mənzil satılırsa, bir o qədər tikinti materiallarına tələb azalır.

Azərbaycanda mənzil inşasının azaldığını deyən V. Bayramov söyləyib ki, bu fakt xüsusən də çoxmərtəbəli binaların tikintisində müşahidə edilir: "Əvvəllər fərdi ev inşa edənlərin sayı çox idisə, qiymət azalmaları fonunda kiçik sahibkarlar belə vəsaitlərini bu sahəyə yönəltməkdə maraq göstərmirlər. Bütün bunlar nəticə etibarı ilə qiymətlərin azalmasına, eləcədə tikinti sektorunda durğunluğa gətirib çıxarır".

İqtisadçı-ekspert söyləyib ki, idxal olunan malların qiymətində olan artım durğunluğa səbəb olan amillərdən sayılır: "Əgər mənzil bazarında canlanma olarsa, qiymətlər stabilləşib, tələb çoxalarsa o zaman tikinti sektorunda durğunluq aradan qalxa bilər. Tikinti bazarında canlanmanın müşahidə edilməsi birmənalı olaraq mənzil bazarında qiymətlərin stabilləşməsindən asılıdır. Qiymətlərin stabilləşməsi isə tələbin artmasına yol açacaq".

V. Bayramov qeyd edib ki, mənzil bazarında tələbin azalmasına həm daxili, həm də xarici faktorlar təsir edir: "Burada iqtisadi səbəblər də özünün göstərməkdədir. Son dövrlər bütün qonşu ölkələrin mənzil bazarındakı qiymətlərin aşağı düşməsi bizə də təsir edir. Əvvəllər mənzil alıb müəyyən müddətdən sonra satıb gəlir əldə etmək mümkün idi. Lakin hazırda bu, mümkün deyil. Belə olan halda, mənzil bazarında tələb aşağı düşür. Bundan başqa Rusiyadan gəlib Azərbaycanda mənzil alanların sayının azalması tələbə təsir edir. Bu gün təklif deyil, alanların sayında dəyişiklik müşahidə olunur. Amma bütün bunlara baxmayaraq, Azərbaycanın mənzil fondu lazımi tələbləri ödəmək imkanına malik deyil. Hesab edirəm ki, ölkəmizdə daha çox mənzillərin tikilməsinə ehtiyac var. Lakin bu gün yeni tikililərdə xeyli sayda boş mənzillər də var ki, onların da istifadə edilməsi olduqca vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə