Brent neftinin barrelinin bu gün bahalaşaraq 37 dollara yaxınlaşması neftin qiymətində yeni yüksəliş dövrü gözləyənləri ümidləndirib. Azərbaycanın "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə artıq dünəndən həmin həddi keçib və gün ərzində 2,8 dollar bahalaşaraq 37,22 dollar təşkil edib.
Bəlkə elə bu bahalaşma imkan verib ki, Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gordon Birrellə görüş zamanı çox nikbin danışıb. Qlobal neft bazarında müşahidə edilən proseslər fonunda mövcud vəziyyəti dəyərləndirən energetika naziri neftin ucuzlaşmasının uzunmüddət davam etməyəcəyini, gələn ildən etibarən neftin qiymətinin yüksələrək sabitləşəcəyini deyib.
Təbii ki, Natiq Əliyev öz proqnozunda təkcə birjalarda müşahidə edilən meyllərə deyil, ümumiyyətlə, dünya energetika sektorunda müşahidə edilən vəziyyətə əsaslanıb. Dünyanın əsas neft istehsalçılarından biri və əsas istehlakçısı olan ABŞ-ın energetika sektorunda baş verənlər təbii ki, hasilatçı ölkələrdə müəyyən ümidlər oyadır. Bu fikir dünən Hyustonda "Baker Hughes" neft-servis şirkətinin təmsilçilərinin açıqladığı bir sıra göstəricilərdən sonra daha da güclənir. Neft sənayesi təmsilçilərinin konfransı "CERAWeek"də çıxış edən şirkət təmsilçiləri yarım ay ərzində ABŞ-da 27 neft buruğunun öz işini dayandırdığını deyiblər.
Beləliklə, hazırda ABŞ-da 514 neft buruğu işləyir. Bir il qabaq isə 796 qurğu neft hasil edirdi. "Capital One Securities" şirkətinin neft bazarı üzrə analitiki Lük Leymon "Bloomberg"ə müsahibəsində daha pessimist danışıb. Onun sözlərinə görə, neft buruqlarının işini dayandırması prosesi 2014-cü ilin oktyabr ayından başlayıb: "Əgər bu proses davam edərsə, neft buruqların sayı yaxın bir neçə həftədən sonra 450-yə düşəcək".
"İndi neft istehsalında artıqlıq var, ehtiyatlar böyükdür, iqtisadiyyat geriləyir"
Lakin buna baxmayaraq, hasilatçı ölkələr bu cür proqnozlara ehtiyatla yanaşırlar. Məsələn, Rusiya maliyyə naziri Anton Siluanov uzun müddətli perspektivdə neftin barrelinin qiymətinin 40 dollardan baha olacağına inanmır: "İndi neft istehsalında artıqlıq var, ehtiyatlar böyükdür, iqtisadiyyat geriləyir. Bu, xammal ixracından bizim gözləntilərə təsir göstərir".
Amma Rotterdam limanından gələn xəbərlər fərqli mənzərə ortaya çıxarır. "The DutchNews" qəzetinin dünənki sayda yazdığına görə, hazırda liman neftlə doludur. Limanın yaxıqnlığında 40 yaxın tanker dayanıb və nefti satmaq istəmir. Həmçinin sahildəki neft anbarları da doludur. Treyderlər neftin qiymətinin bahalaşacağını gözləyirlər.
Təbii ki, treyderlər müəyyən hesablamalara əsaslanaraq gözləyirlər. Amma bu gözləyişin əks təsiri də ola bilər. Hər halda, birjalar təkcə bir limanda 40-a yaxın neft tankerinin dolu dayanmasına qiymət azalması ilə reaksiya verə bilərlər ki, bu da həm treyderlərin, həm də istehsalçı ölkələrinin ümidlərini yanlışa çıxara bilər.anspress
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB