"Cənab Prezident qeyri-neft sektorunun inkişafının sürətləndirilməsini sonuncu iclasda qəti şəkildə vurğulamaqla bəyan etdi ki, ölkə iqtisadiyyatının inkişafının neft amilindən asılılığına son qoyulmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
İlqar Orucov bildirib ki, iqtisadiyyatın təkcə neft üzərində qurulmaması istiqamətində işlər həmişə görülüb: "İqtisadiyyatın şaxələndirilməsi, aqrar sektorun inkişafına dəstək göstərilməsi, yeni fabrik və zavodların, istehsal müəssisələrinin yaradılması, sovet dövründən qalma texnologiyaların yeniləri ilə əvəzlənməsi proseslərinə artıq neçə illərdir başlanılıb və uğurlar da var. Amma dünyada gedən iqtisadi böhran fonunda neftin qiymətinin kəskin şəkildə ucuzlaşması onu göstərdi ki, bu istiqamətdə hələ kifayət qədər işlər görülməlidir, işlər sürətlənməlidir, dövlət iş adamlarına, sahibkarlara, xarici investitorlara maksimum dərəcədə münbit və əlverişli şərait yaratmalıdır. Heç kimə sirr deyil ki, gömrük sistemində monopoliyanın uzun müddət davam etməsi ciddi problem idi və haqlı narazılıq doğururdu. Amma artıq bu sahədə tam şəffaflıq təmin edilib. Ölkədə illərdir iş adamlarına olan basqı, yersiz və qanunsuz müdaxilələr biznesin boğulmasına gətirib çıxarmışdı. Elə son MTN hadisələri və nə qədər iş adamının qanunsuz təqib edilməsini xatırlamaq vəziyyətin nə qədər dözülməz olmasının göstəricisidir. Əlbəttə ölkə başçısının məsələyə müdaxiləsi, problemlərin tam olaraq üzə çıxarılması, ölkənin siyasi rəhbərliyi səviyyəsində qərarların qəbul edilməsi onu deməyə əsas verir ki, artıq bütün neqativlər arxada qaldı və bu ölkədə sağlam rəqabət mühiti yaradılıb".
Onun sözlərinə görə, Azərbaycanda iş adamlarının fəaliyyəti üçün ən yüksək səviyyədə hüquqi və iqtisadi baza yaradılıb: "Hesab edirəm ki, gənclər ölkə başçsının çağırışlarına qoşulmalıdırlar. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənclər yaradılmış imkanlardan yararlanaraq həm kənd təsərrüfatını, həm istehsal sahələrini, həm xidmət sahələrini yaratmalı, genişləndirməlidirlər.Təbii ki, yeni sahibkarlıq fəaliyyətinə başlayacaq gənclər də olacaq. Onlar bilməlidirlər ki, artıq onlar üçün burada ən yüksək sahibkarlıq mühiti yaradılıb. İmkanlar daha da artırılacaq, dövlət iş adamlarının problemlərini daim nəzarətdə saxlayaraq həlli üçün ən qəti addımlarını atacaq. İnanıram ki, iqtisadiyyatın alternativ sahələrinin inkişafı üçün dövlət əlverişli biznes kreditləri ayıracaq.Yetər ki, insanlarımız tənbəl olmasınlar, pozitiv olsunlar, addımlarını atsınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB