Məhəmməd Abdullayev: “Avtovağzal Avropa Oyunlarına tam hazırdır” AÇIQLAMA

Məhəmməd Abdullayev: “Avtovağzal Avropa Oyunlarına tam hazırdır” AÇIQLAMA

"Respublikamızda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı "M Trans" MMC rəhbərliyi tərəfindən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq, gücləndirilmiş iş rejimində çalışacağıq". Bu sözləri SİA-ya açıqlamasında "M Trans" MMC-nin sözçüsü Məhəmməd Abdullayev deyib.

Onun sözlərinə görə, artıq bu ilin 27 aprel tarixli qərarına əsasən, Bakı Beynəlxalq Avtovağzal rəhbərliyi gücləndirilmiş iş rejiminə keçi və xidmətin keyfiyyətinin artırılması üçün komissiya yaradılıb: "Rəhbərliyin 27 Aprel tarixli əmrinə uyğun olaraq, Avropa Oyunlarına tam nəzarət etmək, həm qiymət intizamına, həm bilet satışına, həm də göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün 11 nəfərdən ibarət komissiya yaradılıb. Bu komissiyanın üzvləri bu gün də bütün işçilərlə mütəmadi olaraq çalışır. Bizimlə müqavilə əsasında çalışan və daşıma həyata keçirən sahibkarlarla mütəmadi şəkildə görüşlər keçirilir. Onlar oyunlar keçirilən ərəfədə daha yüksək xidmət göstərmələri üçün birlikdə iş aparırlar. Beynəlxalq avtovağzalın bütün əməliyyatları, kassa- bilet sistemi komputerləşdirilib. 2013-cü ilin Noyabrından etibarən avtovağzaldan onlayn vasitəsilə bilet əldə etmək mümkündür. Həmçinin təyin olunmuş qrafiklər üzrə 10 gün əvvəlcədən bilet satışları həyata keçirilir. Gün ərzində cari bilet satışı həyata keçirən kassalar fəaliyyət göstərir. Həmin ərəfədə iş keyfiyyətinin yaxşılaşdırılması üçün gün ərzində 60 nəfərdən ibarət personal sərnişinlərə tam xidmət edir. Avtovağzal ərazisində wi-fi sistemi, 6 gözləmə zalı var. Bu zalların hamısı stullarla təmin olunub, televizorlar yerləşdirilib. Bütün avtovağzal ərazisi kamera vasitəsilə izlənilir və avtovağzalın təhlükəsizlik sistemi tam qorunur".

Məhəmməd Abdullayev onu da qeyd etdi ki, Avropa Oyunları ilə əlaqədar 15 yeni avtobus alınıb. Rayonlara hərəkət edən avtobusların əksəriyyəti isə yenilənib: "Cənubi Kareya şirkəti ilə bağlanan müqaviləyə əsasən bu il artıq 15 yeni avtobus gətirilib. Bunlar son model avtobuslardır, artıq xəttə buraxılıb və sərnişinlərə xidmət göstərirlər. Avtobuslar əsasən Gəncə - Qazax və Zaqatala – Balakən istiqamətində hərəkət edirlər. Yenə Zaqatala – Balakən istiqamətində köhnə 4 avtobus xəttə buraxılıb. Həmçinin Gəncə - Qazax istiqamətində demək olar ki, bütün köhnə avtobuslar dəyişdirilərək yeniləri ilə əvəz olunub. Avtovağzal ərazisindəki mikroavtobusların da əksəriyyəti dəyişdirilib. Avropa Oyunlarına az müddət qaldığı bir vaxtda demək olar ki, Avtovağzal tam xaricdən gələn qonaqlar və bölgələrə səfər edəcək turistlərə xidmət göstərmək üçün tam hazırdır. Çalışacağıq ki, bu ərəfədə daha yüksək, daha layiqli xidmət göstərək".

Bütün xəbərlər Facebook səhifəmizdə