Azərbaycan elektrik enerjisini Türkiyəyə və Avropaya ixrac ediləcək

Azərbaycan elektrik enerjisini Türkiyəyə və Avropaya ixrac ediləcək

Azərbaycanın elektrik enerjisi gələn ilin əvvəlindən Türkiyəyə və Avropaya ixrac edilməyə başlanacaq. SİA-nın məlumatına görə, bu barədə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı hazırlıq işləri aparılır: "Ölkə başçısının tapşırığına əsasən məsələ ilə bağlı hazılıq işlərinə 5 il əvvəldən başlanılıb. Artıq Samux, Mingəçevir, və Qardabani (Gürcüstan) yarımstansiyaları istiqamətində ötürülən elektrik xətləri hazırdır. Dünən biz Gürcüstanda yeni yarımstansiyanın açılışında iştirak etmişik. Lakin Türkiyə istiqamətində hələ müəyyən işlər qalıb ki, bu işlər də yaxın aylarda yekunlaşacaq. Bütün işlər bitdikdən sonra Azərbaycanın elektrik enerjisi Türkiyəyə, oradan isə Avropa bazarlarına ixrac ediləcək".

Açıqlaması zamanı Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi ilə təchizatında problemlərə toxunan E.Pirverdiyev vurğulayıb ki, Naxçıvanın qışa hazırlığı istiqamətində lazımi işlər görülüb və Naxçıvan elektrik enerjisi məsələsində hər zaman diqqət mərkəzindədir.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə