“Az büdcə ilə keyfiyyətli istirahət, təbii ki, mümkündür. Hər şey sosial platformalarda hər kəsin nümayiş etdirdiyi bahalı istirahət kimi deyil, əslində”.
Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib.
Onun sözlərinə görə, az gəlirli insanların əksəriyyəti elə düşünür ki, istirahət etmək, harasa səyahətə getmək yalnız imkanlı şəxslər üçündür:
”Bu cür düşüncə isə əslində insanın enerjisini və motivasiyasını azaldır. Halbuki planlı və düşünülmüş istirahət həm büdcəyə qənaət etməyə, həm də insanın daxili dünyasına müsbət təsir göstərməyə kömək edir.
Məsələn, şəxsi təcrübəmdən deyim ki, mən 1,5 il əvvəldən Türkiyədə yerləşən otellərdən birində rezervasiya etmişdim. Bəziləri düşünə bilər ki, sabahın nə olacağını bilmədən niyə 1,5 il sonraya rezervasiya edim? Lakin bir çox hallarda əvvəlcədən heç bir ödəniş etmədən rezervasiya etmək mümkündür. Ödəniş ya otelə çatdıqda, ya da səfərdən bir həftə əvvəl bank kartı vasitəsilə həyata keçirilə bilər.
Təyyarə biletləri bu qədər uzun müddət əvvəldən satışa çıxarılmasa da, ən azı 5–6 ay əvvəldən münasib qiymətə, dəyişdirilməsi və ya geri qaytarılması mümkün olan biletlər almaq olar.
Büdcəsi ölkə xaricinə səyahət etməyə imkan verməyən insanlar üçün də keyfiyyətli istirahət mümkündür. Elə dövrlər olur ki, otellərdə doluluq səviyyəsi aşağı olur və onlar müştərinin təklif etdiyi qiymətlə razılaşmağa daha meyilli olurlar. Məsələn, sentyabrın 15-dən sonra, oktyabr və noyabr aylarında qiymətlər xeyli münasib olur. Həm havalar sərin keçir, həm də məktəblər, universitetlər və iş mövsümü başladığı üçün tələbat azalır.
İş rejiminə görə rayonlara və ya ölkə xaricinə gedə bilməyən insanlar üçün də Bakı və ətraf ərazilərdə həftəsonunu uyğun qiymətə və səmərəli şəkildə keçirmək mümkündür. Əsas məsələ yüksək büdcə deyil, düzgün planlaşdırma və mövcud imkanlardan səmərəli istifadə etməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB