“Azərbaycanın aqrar sektoru iqlim dəyişikliklərinin yaratdığı ciddi problemlərlə üzləşib və bu vəziyyət bir neçə istiqamətdə özünü göstərir. Son 25 ildə ölkədə orta temperatur 1,1–1,5 dərəcə artıb, yağıntıların miqdarı isə 13–14 faiz azalıb. Kənd təsərrüfatına yararlı torpaqların böyük hissəsi quraq zonalarda yerləşdiyi üçün suvarma olmadan məhsul yetişdirmək çətinləşir. Bundan əlavə, həddindən artıq otarma, ağır texnikanın torpağa təsiri və sənaye çirklənməsi torpaq deqradasiyasını daha da artırır”.
Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Dövlət son illərdə subsidiya siyasəti ilə bu problemlərin təsirini azaltmağa çalışır. 2025-ci ildən müasir suvarma sistemləri tətbiq edilən sahələrə əlavə subsidiyalar ayrılır, tarlaqoruyucu zolaqların salınması dəstəklənir, işğaldan azad olunmuş ərazilərdə isə daha yüksək maliyyə yardımı nəzərdə tutulur. Bu addımlar müsbət qiymətləndirilsə də, mövcud ehtiyaclarla müqayisədə hələ kifayət qədər geniş deyil.
Texnoloji sahədə də müəyyən yeniliklər diqqət çəkir. Biohumus, faydalı bakteriyalar və torf kimi vasitələrlə yararsız torpaqların münbitləşdirilməsi istiqamətində yerli təşəbbüslər yaranır. Eyni zamanda dəqiq əkinçilik sistemləri resurslardan daha səmərəli istifadə etməyə imkan verir. Beynəlxalq əməkdaşlıq çərçivəsində isə müxtəlif layihələr UNESCO, Dünya Bankı, NATO və Avropa universitetləri tərəfindən dəstəklənir, xüsusilə su çatışmazlığı və daşqın risklərinin azaldılması istiqamətində proqramlar həyata keçirilir.
Buna baxmayaraq, sahədə ciddi problemlər qalır. Ekoloji monitorinqin zəif olması torpaqların vəziyyəti barədə tam məlumat əldə etməyə mane olur. Fermerlər məhsul sığortasına maraq göstərmir, müasir otarma sistemləri geniş tətbiq edilmir və torpaq inventarizasiyası tam başa çatdırılmayıb. Ümumilikdə, Azərbaycanda aqrar sahədə müəyyən siyasi iradə və yeniliklər mövcud olsa da, bu dəyişikliklər hələ tam sistemli xarakter daşımır və xüsusilə kiçik fermerlərin imkanlardan faydalanması məhdud olaraq qalır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB