“Ölkəmizə qızıl ixracından daha çox valyuta gələcək” - MÜNASİBƏT BİLDİRİLDİ
Son dövrlər dünya bazarlarında, o cümlədən Azərbaycanda qızılın qiymətində müşahidə olunan artım həm vətəndaşların, həm də investorların diqqətini cəlb edir. Bu dəyişikliklər qlobal iqtisadi və siyasi proseslər fonunda baş verir. Xüsusilə geosiyasi gərginliklər, inflyasiya riskləri və maliyyə bazarlarında qeyri-sabitlik qızıla olan tələbatı artıraraq qiymətlərin yüksəlməsinə səbəb olur. Mütəxəssislərin fikrincə, qızıl ənənəvi olaraq "təhlükəsiz liman" hesab olunduğundan bu cür dövrlərdə qiymət artımları qaçılmaz olur. Azərbaycanda da bu tendensiya özünü göstərir.
Məsələ ilə bağlı millət vəkili Azər Badamov SİA-ya açıqlama verib:
“Qızılın qiymətinin artması maliyyə bazarları, zərgərlik sənayesi, mədənçilik və digər sənayelər daxil olmaqla bir çox sahəyə təsir göstərir. Bu artım, inflyasiyadan qorunma, dollara qarşı qeyri-sabitlik və geosiyasi risklər fonunda artan tələbatla əlaqələndirilir.
Qızıl dünyada maliyyə ehtiyatlarını saxlamaq üçün ən etibarlı vasitə hesab olunur. Belə ki, banklar qızılın qiyməti artdıqca öz aktivlərini qızıl ehtiyatına keçirməyinə üstünlük verir. Bu da xarici valyutaların qiymətlərinin aşağı düşməsinə və qızılın qiymətinin daha da artmasına yol açır. Yəni qızılın qiymətinin artması maliyyə bazarlarında narahatlığın yaranmasına yol açır. Təbii ki, qızılın qiymətinin artması qızıl istifadə olunan sənaye sahələrində qiymətlərin artmasına səbəb olur. Belə ki, zərgərlik malların qiymətləri qızılın qiymətinin dəyişməsinin bir başa təsiri altındadır. O cümlədən qızıldan istifadə olunan texnoloji sahələrdə də qiymət artımları baş verəcəkdir.
Ölkəmizdə də qızılın qiymətinin artması əsasən zərgərlik bazarında qiymətlərinin artmasına təsir göstərir. Həmçinin biz qızıl istehsalçısıyıq, bu da ölkəmizə qızıl ixracından daha çox valyutanın gəlməsinə də öz təsirini göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə