"CBDC-lər ənənəvi bank sistemini daha rəqəmsal olmağa vadar edir" - EKSPERT ŞƏRH ETDİ

"Elektron valyutaların, yəni Mərkəzi Bankların rəqəmsal valyutalarının (CBDC) tətbiqi maliyyə sektorunda yeni bir mərhələ açır və bu prosesin ənənəvi bank sisteminə çoxşaxəli təsirləri olacaq. İlk növbədə, CBDC-lər nağd pulun rəqəmsal ekvivalenti kimi çıxış edərək daha sürətli, şəffaf və təhlükəsiz ödəniş mexanizmləri yaradacaq. Bu, xüsusilə gündəlik tranzaksiyalarda sürət və rahatlıq baxımından vətəndaşlara və biznes qurumlarına üstünlüklər qazandıracaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, eyni zamanda CBDC-lərin tətbiqi ənənəvi kommersiya banklarının funksiyalarına təsirsiz ötüşməyəcək. Bugünkü bank sistemində depozitlər bankların əsas maliyyə mənbəyi kimi çıxış edir. Əgər vətəndaşlar pullarını birbaşa Mərkəzi Bankın rəqəmsal hesablarında saxlamağa başlasalar, kommersiya banklarının likvidliyi azala bilər: "Bu isə onların kreditvermə imkanlarını məhdudlaşdıra və gəlir modellərinə təzyiq göstərə bilər. Digər tərəfdən, CBDC-lərin tətbiqi bank sektorunu daha innovativ yanaşmalar axtarmağa məcbur edəcək. Kommersiya bankları rəqabət qabiliyyətini qorumaq üçün müştərilərə daha sərfəli xidmətlər, rəqəmsal platformalar və əlavə dəyər yaradan məhsullar təklif etməli olacaqlar. Bu, maliyyə texnologiyaları ilə əməkdaşlığı gücləndirəcək və sektorda rəqəmsallaşma prosesini sürətləndirəcək.

CBDC-lərin üstünlüklərindən biri də kölgə iqtisadiyyatına qarşı mübarizə imkanlarının artmasıdır. Çünki rəqəmsal valyutalar vasitəsilə aparılan əməliyyatlar şəffaf şəkildə izlənilə bilir. Bu, vergi yığımlarının artmasına və maliyyə intizamının güclənməsinə səbəb olacaq. Lakin burada şəxsi məlumatların qorunması və məxfilik məsələləri də diqqətdə saxlanmalıdır. Nəticə etibarilə, CBDC-lərin tətbiqi ənənəvi bank sistemini zəiflətmək əvəzinə onu daha çevik, rəqəmsal və müştəriyönümlü olmağa təşviq edəcək. Əgər bu proses düzgün tənzimləmə və mərhələli yanaşma ilə həyata keçirilərsə, həm mərkəzi bankların, həm də kommersiya banklarının rolunu balanslaşdırmaq mümkün olacaq. Bu isə maliyyə sabitliyini qoruyaraq iqtisadi inkişafa müsbət təsir göstərə bilər".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə