"Enerji qiymətləri Azərbaycan üçün strateji əhəmiyyət daşıyır" - ŞƏRH EDİLDİ

"Enerji qiymətlərinin artması Azərbaycan iqtisadiyyatına bir neçə aspektdən təsir edir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, burada enerjinin müxtəlif növlərindən söhbət gedir: "Əgər söhbət neft-qaz qiymətlərindən gedirsə, bu, birmənalı şəkildə ölkə iqtisadiyyatı üçün müsbət dividendlər gətirir.

Bu artım ölkənin tədiyyə balansının müsbət tərəfinin yüksəlməsinə xidmət edir, iqtisadi dayanıqlılığı təmin edir, iqtisadi aktivliyi dəstəkləyir, valyuta ehtiyatlarının artmasına səbəb olur, manatın məzənnə stabilliyinin qorunmasında müsbət təsir göstərir və sair.

Digər tərəfdən isə enerji qiymətlərinin artması məhsul istehsalı zamanı həmin məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olur. Azərbaycan idxaldan asılı ölkə olduğu üçün təbii olaraq idxal etdiyimiz məhsulların qiyməti artır və bu da ölkədə inflyasiyaya gətirib çıxarır.

Dünya Bankının hesablamalarına görə, neftin qiymətinin hər 10 dollar artması inflyasiyaya təxminən 0,35% təsir göstərir, yəni inflyasiyanı bu qədər artırır. Bu baxımdan idxal qiymətləri baxımından enerji qiymətlərinin artması mənfi təsir etsə də, ümumilikdə ölkə iqtisadiyyatı üçün çox önəmlidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə