Azərbaycan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı müzakirə olunub. SİA bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir Mikayıl Cabbarov İƏİT-in dövlət mülkiyyəti və özəlləşdirmə üzrə İşçi Qrupunun sədri, Böyük Britaniyanın dövlət investisiyaları üzrə qurumunun baş icraçı direktoru Çarlz Donaldın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə İƏİT-lə uğurlu tərəfdaşlıq qeyd olunub, müxtəlif sahələrdə birgə səylərin əhəmiyyəti vurğulanıb. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, dövlətə məxsus müəssisələrdə dövlətin iştirakının azaldılması, iqtisadi effektivliyin yüksəldilməsi, maliyyə dayanıqlılığının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəzərə çatdırılıb.
İƏİT nümayəndələri Azərbaycanla birgə layihələrin icrasından məmnunluqlarını ifadə edib və təşkilata üzv ölkələrin dövlət müəssisələrində idarəetmə prinsipləri barədə təcrübələrini bölüşüblər.
Azərbaycan və İƏİT arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı, həmçinin Azərbaycan İnvestisiya Holdinqi və onun portfel şirkətlərinin dayanıqlı fəaliyyəti, korporativ idarəetmə prinsiplərinə uyğun idarə olunması istiqamətində prioritet məsələlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə