İqtisadiyyat nazirinin müavini “Uğur yolu” proqramının qalibləri ilə görüşüb

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli üçüncü “Uğur yolu” karyera inkişafı proqramının qalibləri ilə görüşüb, onları qazandıqları uğur münasibətilə təbrik edib. SİA bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, müsabiqənin əməkdaşların bilik və bacarıqlarının, liderlik və strateji düşünmə xüsusiyyətlərinin aşkarlanması üçün yaxşı fürsət olduğunu vurğulayan nazir müavini karyera yüksəlişi ilə bağlı şəxsi təcrübəsini bölüşüb, iştirakçıların fəaliyyəti, peşəkar hədəfləri ilə maraqlanıb.

Görüşdə iştirakçıların fərdi inkişaf planlarının reallaşdırılması ilə bağlı görülən işlər müzakirə edilib. Qaliblər müsabiqənin nəticəsi olaraq cəlb olunduqları müxtəlif təlimlərin onların hərtərəfli peşəkar mütəxəssis kimi yetişməsinə töhfə verdiyini qeyd ediblər. Əməkdaşlara bilik və bacarıqlarının, həmçinin idarəçilik təcrübələrinin artırılması istiqamətində tövsiyələr verilib.

"Uğur yolu" proqramı İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları arasında intellektual səviyyəsi və idarəçilik qabiliyyəti yüksək olan şəxslərin seçilməsi, onların lider kimi hərtərəfli inkişafı və peşə hazırlığının dəstəklənməsi, kadr ehtiyatı bankının formalaşdırılmasını təmin etmək məqsədilə təsis olunub. Qaliblər müxtəlif təlimlərə və mentorluq proqramlarına cəlb olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə