Əli Əsədov müvafiq qərarlar imzalayıb

Nazirlər Kabineti “Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi Qaydası”nı təsdiq edib. SİA-nın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.

Qərara əsasən, Qayda “Dəniz limanları haqqında” qanuna uyğun hazırlanıb və dəniz limanı infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi qaydasını müəyyən edir.

Qaydada liman infrastrukturunun dövlət mülkiyyətində olan obyekti dedikdə dövlət mülkiyyətində olan əmlaklar nəzərdə tutulur.

Obyektin müsabiqə əsasında icarəyə verilməsini icarə müqaviləsi bağlanılmaqla İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir və icarəyəverən qismində çıxış edir.

Obyektin müsabiqə əsasında icarəyə verilməsi zamanı bu Qaydanın tələblərinə cavab verən fiziki və hüquqi şəxslər icarəçi kimi çıxış edə bilərlər.

Dövlət Xidməti öz rəsmi internet informasiya ehtiyatında müsabiqə əsasında icarəyə verilən obyekt barədə elan yerləşdirir.

Müsabiqə əsasında icarəyə verilən obyektdən istifadəyə görə aylıq start icarə haqqının məbləği Qanuna və “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müəyyən edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə