2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin 6 ayı ərzində Azərbaycanda 0,8 milyon ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. SİA xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ümumilikdə ölkədə 2,7 milyon təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin olunub. Artıq ölkənin 30 rayonunda 90 %-dən çox, 23 rayonunda 70-90 % arası və digərlərində isə 65 %-ə qədər təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilib.
Layihə müddətində ölkədə genişzolaqlı internetə çıxış imkanı əldə etmiş ev təsərrüfatı və biznes subyektlərinin sayı 12 dəfə artaraq 9 %-dən 92 %-ə yüksəlib. Bu ilin ilk 6 ayı ərzində 2020-ci illə müqayisədə 5 dəfə çox təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilib və toplam əhatə 26 % artıb.
Sözügedən layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə