"İndi biz 3 rayonu müşahidə edirik" - MÜNASİBƏT BİLDİRİLDİ

Prezident tərəfindən Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Azərbaycanda Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin adları dəyişdirilib.

Dəyişikliklərə əsasən, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” bundan sonra “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” adlanacaq. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin adı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə dəyişdirilib.

Bundan başqa, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin adı Laçın rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə dəyişdirilib. Bunun üçün isə dövlət başçısı “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 26 may 2023-cü il tarixli fərmanında dəyişiklik edib.

SİA mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirovun fikirlərini öyrənib.

O bildirib ki, bu sadəcə ad dəyişməsi deyildir: "Yenidən bölgü aparılmışdır. Bunun da səbəbi işğaldan azad olunmuş ərazilərimizdə sürətli şəkildə aparılan yenidənqurma və bərpa işləridir. Ona görə də daha çox rayonun bir təşkilat, qurum daxilində birləşdirilməsi və orada işlərin idarə edilməsi effektiv olmayacağı baxımından yenidən bu məsələyə baxılmış və rayonların sayı azaldılmışdır. Məsələn, əvvəl 5 rayon bir publik hüquqi şəxsin tabeliyində olurdusa, indi biz 3 rayonu müşahidə edirik. Hazırkı yeni qərarda 3 rayon daxil edilmişdir. Eləcə də digər istiqamətlərdə, yəni Şərqi Zəngəzur, Qarabağ rayonlarında bilavasitə bu qəbildən addımlar atılır. Çünki cənab Prezidentin xüsusi nümayəndəliklərinin tabeliyində olan bu tikinti-quraşdırma publik hüquqi şəxsləridir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə