““Kibermüharibə” yarışının keçirilməsi xüsusi əhəmiyyət daşıyır” - İLQAR MUSAYEV

““Kibermüharibə” yarışının keçirilməsi xüsusi əhəmiyyət daşıyır” - İLQAR MUSAYEV

“Belə genişmiqyaslı tədbirlərin keçirilməsini yeni iri məbləğli layihələrin başlanğıcı kimi qiymətləndirmək olar. Bu isə bizim üçün yeni imkan və yeni məsuliyyətdir”. SİA xəbər verir ki, bu sözləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general leytenant İlqar Musayev "Critical Infrastructure Defence Challenge 2023" tədbirində çıxışı zamanı deyib.

İlqar Musayev sözlərinə belə davam edib: “Son illər dünyada və ölkəmizdə baş verən hadisələr fonunda yeni reallıqlar kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin gücləndirilməsi məsələlərini də aktuallaşdırıb. “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nda da kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsinə xüsusi yer verilib. Həmçinin son illər bu istiqamətdə görülənişlər, qəbul edilən normativ hüquqi aktlar, yaradılan kiberməktəblər də bunun bariz nümunəsidir.

Bu baxımdan Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərinin kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarə edilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışının keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Tədbirin təşkil olunmasında məqsəd dövlət qurumlarının kritik infrastrukturları, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək, təcrübələrini artırmaq, dövlət və özəl sektorlar arasında kommunikasiya və koordinasiyanı gücləndirməkdir.

Kiberfestivalın qonaqları bu 2 gün ərzində informasiya təhlükəsizliyi üzrə yerli və xarici ekspertlərin iştirakı ilə 10 təqdimat və 5 panel müzakirəsindən ibarət konfransda iştirak etmək, kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək, virtual yarışlarda iştirak edib topladıqları balları hədiyyələrə dəyişmək imkanı əldə edəcəklər. Kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək “Kibermüharibə” yarışında isə iştirakçı komandalar onlara təhkim olunmuş virtual informasiya sistemlərinin müdafiəsini quraraq verilmiş infrastrukturun kiberhücumlara qarşı təhlükəsizliyini təmin etməli olacaqlar. Həmçinin tədbir çərçivəsində 6 müxtəlif istiqamət üzrə həm yeni başlayanlar, həm də peşəkarlar üçün “masterclass”lar təşkil olunub. Ümumilikdə 360 iştirakçının sertifikatlaşdırılmasını nəzərdə tutan ixtisasartırma təlimləri yerli və xarici ekspertlər tərəfindən keçiriləcək.

Bu konseptin növbəti illərdə də həm sahəvi kritikinfrastrukturlar üçün xüsusiləşdirilmiş formada, həm də beynəlxalq səviyyəli kibermüharibə yarışı formatında yeni elementlər əlavə olunmaqla təşkili davam etdiriləcək. Layihənin ərsəyə gəlməsində dəstəyi olan tərəfdaşlara, sponsorlara, könüllülərə, eləcə də tədbirin işıqlandırılmasında dəstəyini əsirgəməyən media nümayəndələrinə, təşkilat komitəsinə öz təşəkkürümü bildirirəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə