Avtomobillərin vergidən azad olunması qiymətlərə necə təsir edəcək? - MÜNASİBƏT BİLDİRİLDİ
“2007-ci ildən etibarən bizim ölkədə nəqliyyat vasitələrində gömrük məsələləri ilə bağlı dəyişikliklər olmuşdu. Gömrük rüsumları dövlət tərəfindən artırılmışdı. Bunun həyata keçirilməsində müxtəlif məqsədlər olub. 2007-ci ildə əvvəl rüsumlar olduqca aşağı idi, tələbat çox idi və ölkəyə külli miqdarda nəqliyyat vasitələri daxil olurdu. Təbii ki, dövlət də bundan yararlanmalı idi”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı, daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib.
Onun sözlərinə görə, sonrakı dövrlərdə 2 min kubmetrdən yuxarı olan nəqliyyat vasitələrinə daha fərqli gömrük vergilərinin tətbiq olunması da həm ekoloji baxımdan, həm də büdcəyə əlavə gəlirlərin daxil olması baxımdan həyata keçirilib: “Bu ilin əvvəlindən isə 10 ildən daha çox yaşı olan nəqliyyat vasitələrinin ölkəyə daxil olmasına qadağa qoyulub. Hazırda tətbiq olunan vergilərə güzəşt ilk növbədə yerli istehsal olunan nəqliyyat vasitələrinin inkişafı ilə bağlıdır. Bu da vətəndaşlar üçün əlverişli şərait yaradır. Lakin burada başqa bir məsələ də var ki, yerli istehsal olunan nəqliyyat vasitələri ilk növbədə bizim vətəndaşlar tərəfindən qəbul olunmalıdır. Nəzər yetirsək, yollarda yerli istehsal olunan nəqliyyat vasitələrinin sayının olduqca az olduğunu görərik. İstehsalçıya etibar məsələsi də çox vacibdir”.
E.Azadov sözlərinə davam edərək bildirib ki, son 4-5 il ərzində Çin artıq nəqliyyat vasitələri istehsal etməyi öyrənib: “Təxminən 2005-ci ildən etibarən Çin dünya bazarında marka yaratmağa başladı. Onların 2005-2020 illərində istehsal etdikləri nəqliyyat vasitələri həm bizim ölkədə, həm də ümumilikdə dünyada üstün qəbul olunmadı. Görünüş, texniki və servis məsələləri və s. baxımından Çin avtomobilləri özünü doğrultmadı. Amma son illər ərzində təcrübə onu göstərir ki, hazırda Çində istehsal olunan nəqliyyat vasitələri daxili və xarici dizayn baxımından maşın bazarında üstün bir yer tutub. Digər istehsalçılar üçün artıq onlarla mübarizə aparmaq çətin olacaq. Doğrusu, Azərbaycanın bu sahədə Çin qədər təcrübəsi yoxdur. Layihələr başqa ölkələr tərəfindən hazırlandığı üçün avtomobillərin ehtiyat hissələrini gətirib Azərbaycanda qururuq. Vətəndaşların belə avtomobillərə etibar etməsi çətin məsələdir. Ona görə də vergidən azad olunma bir o qədər də əhəmiyyətli rol oynamır”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB