STM-da "Sığorta mübahisələrinin həlli yolları" adlı konfrans keçirilib - YENİLƏNİB

STM-da "Sığorta mübahisələrinin həlli yolları" adlı konfrans keçirilib - YENİLƏNİB

Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankı və Sosial Tədqiqatlar Mərkəzinin dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Mediasiya Şurasının təşkilatçılığı ilə "Sığorta mübahisələrinin həllində mediasiya institutunun rolu" mövzusuna həsr olunmuş elmi-praktiki konfrans keçirilib. SİA xəbər verir ki, konfransda Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev, Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc, Milli Məclisin deputatı Tahir Mirkişili, Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev və Mediasiya Şurasının sədri Nadir Adilov çıxış edərək mediasiya mexanizminin üstünlüklərinə və özəlliklərinə toxunublar. Çıxışçılar nitqlərində maliyyə mübahisələrinin mövcud həcminə işıq salaraq sığorta mübahisələrinin həllində mediasiyanın rolunun əhəmiyyətini xüsusi olaraq vurğulayıblar.

Konfransda çıxış edən Zahid Oruc Sosial Tədqiqat Mərkəzi (STM) sığorta şirkətlərinin Mediasiya Şurası ilə əməkdaşlığının müsbət nəticələrinə inandığını vurğulayıb. "Mediasiya Şurası ölkəmizdə yeni olsa da, əsl xalq institutu kimi ictimai etibar qazanmaqdadır. Bu qurum hakimiyyətin üzərinə düşən məsuliyyəti bölüşür. STM əhalinin sığortaya münasibətini, xidmət alanların məmnuniyyətini tədqiq edərkən alternativ təsisatlara və addımlara ehtiyac olduğunu müəyyən edib", - deyə o qeyd edib.

"44 günlük Vətən Müharibəsindəki qələbə və bir milyona qədər məcburi köçkünün öz doğma torpaqlarına sığorta sistemini daha böyük coğrafiyada - işğaldan azad edilmiş ərazilərdə yeni əsaslarla qurmaq fürsəti deməkdir", - deyə Z.Oruc əlavə edib.

AMB-nin Baş direktoru Ziya Əliyev də çıxış edib. O bildirib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin yekununda ölkə üzrə sığorta haqlarının məbləğinin 1,2-1,3 milyard manat olacağını proqnozlaşdırır.

"2019-cu ildə Azərbaycanda 650 milyon manat sığorta haqqı toplanılmışdı. 2023-cü ildə bu rəqəmin 1,2-1,3 milyard manat olması o deməkdir ki, son 4 il ərzində sığorta bazarı təxminən 2 dəfə böyümüş olacaq", - deyə AMB rəsmisi əlavə edib.

"Azərbaycanda məhkəmə çəkişmələri əlavə zaman və maliyyə itkisinə səbəb olmaqla yanaşı, sığorta bazarı iştirakçılarının reputasiyasını bu və ya digər formada korlaya bilir". Bu sözləri isə "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev söyləyib.

"2021-ci ildə iqtisadi fəaliyyət sahələri üzrə qeydə alınmış məhkəmə işlərinin sayı 1 223 olub ki, bunun da 564-də digər istisna sahələrlə yanaşı sığorta sahəsi də yer alıb. Bu mənada qeyd etmək istəyirəm ki, Mediasiya Şurasının sığorta mübahisələrinin alternativ həlli mexanizmi kimi aktivləşdirilməsi həm bu sahədə məhkəmə işləri ilə bağlı 40 %-ə yaxın olan nisbətin kiçilməsinə, mübahisələrin ədalətli həllinə, sığorta savadlılığının daha dərindən formalaşmasına zəmin yaradacaq.

Danılmaz faktdır ki, sığorta savadlılığının artırılması bu sahədə məhkəmə çəkişmələrinin, mübahisələrinin azalmasına təkan verən başlıca amildir. Artıq 3-cü ildir ki, Azərbaycan Mərkəzi Bankı, ASA və İcbari Sığorta Bürosu arasında imzalanmış memorandum çərçivəsində ümumrespublika səviyyəsində sığorta maarifləndirməsi işləri aparılır. Hesab edirəm ki, gördüyümüz bu iş yaxın gələcəkdə bu sahədə mübahisələrin və anlaşılmazlıqların azalmasına, aradan qalxmasına öz müsbət təsirini göstərəcək", - deyə o qeyd edib.

Konfransda sığortaçılarla sığortalılar arasında mediasiya vasitəsilə barışıq təmin olunarkən növbəti mərhələdə tətbiq olunacaq barışıq sazişi nümunəsinin təqdimatı da keçirilib.

Tədbir çərçivəsində sığortaçılarla mediatorlar arasında mövzu üzrə müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə