Prezident müşavirədə görülən sistemli işlərdən böyük qürurla bəhs etdi

Prezident müşavirədə görülən sistemli işlərdən böyük qürurla bəhs etdi

İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycanın tarixi Zəfərindən sonra bütün sahələr daha da yeniləşərək, təkmilləşərək davamlı uğurlara imza atdığı əsaslı şəkildə diqqətə çatdırıldı. Nəzərə alsaq ki, iki ildən çoxdur əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışıdıdır, cənab İlham Əliyev bu istiqamətdə görülən sistemli işlərdən böyük qürurla bəhs etdi. Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi günümüzün reallıqlarında özünün təsdiqini tapır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu sahədə görüləcək işlər daim diqqət mərkəzində saxlanılır.

Prezident İlham Əliyev vurğuladı ki, infrastruktur layihələrinin icrası yalnız Qarabağ və Şərqi Zəngəzuru deyil, bütövlükdə ölkə ərazisini əhatə edir. O cümlədən, Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı da dövlət proqramı qəbul edilmişdir. Bu, Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır. Proqram ölkəmizin öz resurslarına əsaslanıb. Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi qoyulub. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Naxçıvanda günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur. Burada məqsəd həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin etmək, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac etməkdir.

Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi nəticələrdə özünün aydın ifadəsini tapır. Belə ki, bu ilin ötən dövründə Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin edilib. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlərin qayıtması nəzərdə tutulub. Bütövlükdə 2023-cü ilin sonuna qədər beş yaşayış məntəqəsində - bir şəhər və dörd kənddə soydaşlarımız tam məskunlaşacaqlar. Dövlət başçısı İlham Əliyev müşavirədə bu statistik rəqəmi açıqladı ki, Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Ölkə Prezidenti bu günədək 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak edib. Hər bir statistik rəqəm Azərbaycanın malik olduğu imkanlarla yanaşı, hədəflərə zamanında və yüksək səviyyədə nail olmasının təqdimatıdır.

Müşavirə çıxışı zamanı Prezident İlham Əliyevin toxunduğu məsələlərdən biri də qeyri-neft sektorunun payının artması olub. Prezident İlham Əliyev qeyd edib ki, ilin əvvəlində verdiyim tapşırıqların yerinə yetirilməsi ilə bağlı bir çox addımlar atılmışdır. İlin altı ayı arxada qalır. Müəyyən dərəcədə yekunlar haqqında danışmaq olar. Halbuki əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir. Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Deyə bilərəm ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, halbuki mütləq rəqəmlər o qədər də böyük deyil. Ancaq qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayemiz 6,5 faiz artıbdır və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.

Ülkər Quliyeva
30 nömrəli Ambulatoriyanın həkimi, YAP Suraxanı rayon təşkilatı ƏPT-nin sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə