Özəl pensiya fondunun üstünlükləri və riskləri nədən ibarətdir? - İQTİSADÇI ŞƏRH ETDİ

“Azərbaycanda özəl pensiya fondlarının yaradılması təqaüd sistemi üçün müsbət nəticələr doğura bilər. Əgər beynəlxalq təcrübəyə müraciət etsək, həm Avropa, həm də MDB ölkələrində özəl pensiya fondlarının fəaliyyəti mövcuddur. Bu baxımdan ölkəmizdə də bu fondların fəaliyyətə başlaması müsbət bir addım olar. Özəl pensiya fondlarının bir neçə təsiri var. Bunlardan biri sözsüz ki, maliyyə sistemində rəqabətin yaranmasıdır. Çünki hazırda bizdə yalnız Dövlət Sosial Müdafiə Fondu mövcuddur. Bu, büdcənin yükünü artırır. Yəni, yığımlar yalnız bir fonda gedir və artımlar dövlət büdcəsindən maliyyələşir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, fondun nəticələrindən biri də hər bir insan sərbəst şəkildə öz pensiya kapitalını istədiyi fonda yönəldə bilər: Bu baxımdan əlbəttə ki, gələcəkdə də onun pensiyasının üzərinə əlavə dividentlərin gəlmək ehtimalı var. Bu da onunla bağlıdır ki, özəl pensiya fondlarının orada yığılan vəsaiti müəyyən investisiya lahiyələrində, maliyyə əməliyyatlarında istifadə etmək imkanları olacaq”.

İqtisadçı sözlərinə davam edərək bildirib ki, başqa bir məsələ isə pensiyaçılar tez rəhmətə getsə, həmin vəsaitin özəl pensiya fondları tərəfindən geri qaytarılmasıdır: “Özəl pensiya fondunun digər bir üstünlüyü isə odur ki, hər kəs öz yığımı qədər pensiya alacaq. Yəni, indikindən fərqli olaraq fonda ödədiyi vəsait gələcəkdə müəyyən aylara bölünəcək. Bu, hazırda qanunvericiliyə əsasən 144 aydır.

Çatışmazlıqlara gəldikdə isə qeyd edə bilərəm ki, bizim ölkədə bu cür fondların ənənəsi yoxdur. Məsələn buna misal olaraq bankları göstərə bilərik ki, daha tez bağlanır. Hesab edirəm ki, bununla bağlı bu fondların fəaliyyətində ciddi dövlət nəzarəti və dövlət sığortası olmalıdır. Belə ki həm pensiya fondlarının fəaliyyəti, həm də insanların inamını qazanmaq üçün fondlara ciddi nəzarət olunmalıdır. Əks təqdirdə bu fondların fəaliyyətinin həyata keçirilməsi sual altında ola bilər”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə