“M.S.S. – Mən səni sevirəm” - FOTO

“M.S.S. – Mən səni sevirəm” - FOTO
Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dramaturq Əli Əmirlinin "M.S.S. – Mən səni sevirəm" iki hissəli lirik komediyasının premyerası maraqla qarşılanıb. SİA-nın məlumatına görə, tamaşa anşlaqla baş tutub. Tamaşanın sonunda isə aktyorların səhnəyə çıxışı teatrsevərlərin ayaqüstü alqışları ilə qarşılanıb.

Müəlliflər tamaşanı lirik komediya kimi təqdim etsələr də, bütövlükdə o, insanın şəxsiyyət kimi formalaşma prosesinə təsir edən ən müxtəlif sosial-mənəvi və əxlaqi məsələləri tam ciddiyyəti ilə qabardan dram təsiri bağışlayır. Əsərin personajlarını məhəbbət, həqiqət, ədalət, vəzifə və vicdan borcu, dostluq-yoldaşlıq kimi daimi dəyərlər düşündürür. Əsərin gənc personajları az vaxt ərzində anlayırlar ki, düzlük, ədalət, mərhəmət, məhəbbət və ən nəhayət haqqın var olması, qorunması üçün yaxşı insan olmaq azdır, həm də mübariz adam olmaq lazımdır.

Tamaşanın mövzusu belədir: "On bir illik məktəb illəri başa çatmaq üzrədir, iki aydan sonra məktəbdən və bir-birilərindən həmişəlik ayrılmalı olan on birincilər məktəbdə yaranan mövcud vəziyyətlə barışmaq istəmirlər, onlar hər addımbaşı rast gəldikləri ədalətsizliyə, riyakarlığa və rüşvətin yaratdığı üfunətli mühitə qarşı etiraz səslərini ucaldırlar. Bu işdə onların yol göstərəni çox sevdikləri Sabah müəllimədir. Etirazın obyekti isə şərəfli müəllim adına ləkə gətirən Qətibə müəllimədir. Elə bu yerdə məlum olur ki, tamaşada xeyirin daşıyıcısı Sabah müəllimə, şərə xidmət edən isə Qətibə müəllimədir. İki saatlıq tamaşa zamanı xeyirlə şər onların timsalında mübarizə aparır. Səhnədə üz-üzə gəlib açıq döyüş aparmasalar da, əməlləri onların yerinə vuruşur, çarpışır və sonda elə təəssürat yaranır ki, guya şərin təmsilçisi Qətibə müəllimə xeyir üzərində qələbə çalır, əslində bu heç də belə deyil, Sabah müəllimənin dili ilə desək, bu qələbə "görüntüdür, əslində isə haqq həmişə qalibdir, çünki qələbə onun mahiyyətindədir" və bu qələbə yoldaşlarının zarafatla molla adlandırdıqları Tofiqin monoloqunda öz şərhini tapır: "… Mənim indiki dualarım isə qadınlar içində mələk, müəllimlər arasında ali məqamda olan Sabah anamızadır. O dinsiz-imansızlar arasında, rəzillər içərisində müəllim adını uca tutumağı bacardı, müəllim peşəsinin istənilən şəraitdə şərəfli olduğunu sübut elədi".

Əsasında ciddi hadisələr, kəskin konfliktlər, mübarizələrlə zəngin olan tamaşa nikbin sonluqla bitir. Sabah müəllimə məktəbi tərk etməyə məcbur olsa da, uşaqların həyatında bir işıq kimi keçib gedir. Bu işıqda sabaha, gələcəyə, həyata ümid var, məhəbbət var.

Tamaşanın rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirovdur.

Tamaşada əsas obrazları əməkdar artistlər Qəmər Məmmədova, Leyli Vəliyeva, Kubra Dadaşova, Gülər Nəbiyeva, aktyorlar Günel Məmmədova, Kəmalə Hüseynova, Şəbnəm Hüseynova, İradə Rəşidova, Asya Atakişiyeva, Eşqin Quliyev, Elnur Hüseynov, Sərvər Əliyev, Manaf Dadaşov, Yusif Dadaşov və başqaları ifa ediblər.

Qeyd edək ki, növbəti premyera mayın 7-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə