UNESKO-nun 43-cü sessiyası öz işini davam etdirir

UNESKO-nun 43-cü sessiyası öz işini davam etdirir

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 4-də öz işini davam etdirir. SİA-nın məlumatına görə, sessiyanın dördüncü günündə Nepalın Katmandu vadisində yerləşən maddi mədəni abidələrin vəziyyəti haqqında hesabat dinlənilib.

Tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq hesabatdan danışıb.

Çin, İndoneziya, Tunis, Zimbabve, Küveyt və digər ölkələrin nümayəndələri çıxış edərək Katmandu vadisindəki abidələr barədə fikirlərini söyləyiblər. Bildirilib ki, 2015-ci ildə Nepalda baş verən güclü zəlzələ zamanı ölkədə tarixi abidələrə xeyli ziyan dəyib və onlar dağılmaq təhlükəsi ilə üzləşib.

Çıxış edən bəzi ölkələrin nümayəndələri Məşvərət Şurasından Katmandu vadisinin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına salınmasını təklif ediblər. Orada 40 yaxın tarixi maddi irs abidələri var.

Nepal nümayəndəsi tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirərək, Katmandu vadisindəki tarixi abidələrin vəziyyəti və burada görülən işlər barədə məlumat verib. O deyib ki, Nepal 2015-ci ildən Ümumdünya İrs Komitəsinin tövsiyələrini yerinə yetirməyə çalışıb və onlarla abidənin reabilitasiyasına cəhd edib. Nepal Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına düşməkdənsə bu işləri davam etdirməyə cəhd edir. “Biz düşünürük ki, Ümumdünya İrs Komitəsinin dəstəyi ilə birlikdə biz Katmandu Vadisində restavrasiya işlərini tamamlaya bilərik. Buna görə də bizə əlavə bir il verilməsini xahiş edirik. Bildiririk ki, restavrasiya işləri yeni konvensiya əsasında aparılacaq. Nepal hökuməti müvafiq dəstək almaq üçün artıq UNESKO-nun Ümumdünya İrs Komitəsinə müraciət edib. Söz veririk ki, konservasiya işlərini vaxtında yerinə yetirməyə çalışacağıq", - deyə o əlavə edib.

Katmandu vadisinin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına salınması təxirə salınıb və Nepal hökumətinə qeyd olunan çatışmazlıqların aradan qaldırılması ilə bağlı əlavə bir il vaxt verilib.

Sessiya öz işini müzakirələrlə davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə