Sevilən sənətkar Elnur Əhmədovun doğum günüdür

Sevilən sənətkar Elnur Əhmədovun doğum günüdür

Bu gün Əməkdar Artist, Prezident təqaüdçüsü, kamança ifaçısı Elnur Əhmədovun doğum günüdür. 42 yaşına qədəm qoyan sənətçi həssas incəsənət nümayəndəsi olmaqla yanaşı, musiqi dünyasında olduqca səmimi insan kimi də sevilməkdədir. Elnur Əhmədov uzun illərdir Azərbaycan musiqisinin təbliğatı ilə məşğuldur. Həm ifaçı, həm də müəllim kimi tələbələrinə faydalı olmağa çalışıb.

Xatırladaq ki, o, 1994-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1998-2000-ci illərdə isə Bakı Musiqi Akademiyasının xalq çalğı alətləri şöbəsini (kamança) müvafiq olaraq bakalavr və magistr dərəcəsi üzrə bitirmişdir.

Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının simfonik orkestrində başlamışdır. Hazırda yüksək dərəcəli orkestr artistidir. Sənətçi "Leyli və Məcnun" və "Aşıq Qərib" operalarında solistləri yüksək professionallıqla müşaiət edib, ölkəmizi xaricdə çoxsaylı konsertlərdə təmsil edib.

Elnur Əhmədov mahir kaman ustası kimi həm də bir çox görkəmli sənətçilər- Mənsum İbrahimov, Aygün Bayramova, Gülyaz Məmmədova və b. ilə birgə muğam üçlüyünün tərkibində çıxış edir.

Gənc olmasına baxmayaraq, artıq neçə illərdir ki, Azərbaycan Milli konservatoriyası və Milli Konservatoriyanın tərkibindəki Musiqi Kollecində müəllim kimi çalışır.

Elnur Əhmədov milli musiqi və muğam sənətimizi dünyanın bir çox ölkələrində – ABŞ, İngiltərə, Fransa, Almaniya, İsveç, İsveçrə, Finlandiya, İran, Türkiyə və s. ləyaqətlə və dəfələrlə təmsil etmişdir.

O, 2007-ci ildə Əməkdar Artist fəxri adına və Prezident Mükafatına layiq görülmüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə