ADU-da “Azərbaycan mətbəxinin şahı” adlı plov festivalı keçirilib

ADU-da “Azərbaycan mətbəxinin şahı” adlı plov festivalı keçirilib
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Dünya Azərbyacnlılarının Həmrəylik Gününə həsr olunan "Azərbaycan mətbəxinin şahı" adlı plov festivalı keçirilib. SİA-nın xəbərinə görə, festival ADU-nun Regionşünaslıq kafedrasının, İRK-nın Folklor Mərkəzinin və ADU Müəllim Azad Həmkarlar Komitəsinin təşkilatçılığı ilə baş tutub. Festivalda ADU-nun rektoru, professor, millət vəkili Səməd Seyidov, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun, Folklor İnstitutunun, YAP-ın Nəsimi rayon təşkilatının, Mədəniyyət və Turizm nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri, universitetdə çalışan əcnəbi müəllimlər də iştirak edib. Bununla yanaşı, tədbirə Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, akademik Teymur Bünyadov da qatılıb.

ADU-nun akt zalında keçirilən mərasimin bədii hissəsində universitetin rektoru S. Seyidov Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik nitqi ilə çıxış edib. O bildirib ki, bu gün Azərbaycan Dillər Universiteti tarixi bir missiyanı həyata keçirir. Onun sözlərinə görə, bu universitetdə dünyanın müxtəlif ölkələrinin dili və mədəniyyəti öyrənilir: "Bundan əlavə, bizim əsas işimiz, amalımız Azərbaycan mədəniyyətini dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Bu istiqamətdə bizim universitetimiz laızmi səviyyədə işlər həyata keçirir və ölkə mədəniyyətinin, musiqisinin dünya ictimaiyyətinə çatdırmaqda fəaliyyət göstərir. Əgər xarici ölkələr Azərbaycan dilini, mədəniyyətini öyrənmək istəyirlərsə, o zaman Azərbaycanın qonaqpərvərliyini bilməli və dərk etməlidirlər. Əgər biz bu adət-ənənələri qoruyub-saxlamasaq, onlar kimsə tərəfindən mənimsəniləcək. Biz öz adət-ənənələrimizə sahib çıxmalı və onları göz bəbəyimiz kimi qoruyub saxlamalıyıq".

Tədbirin davamında universitetin regionşünaslıq kafedrasının müəllimi Təranə Quluzadə "Düyü və onun yayılma arealı", həmin kafedranın müəllimi Rəna Rəcəbli "Azərbaycanda çəltikçilik tarixindən" və sözügedən kafedranın müdiri, dosent Sevdagül Əliyeva isə "Azərbaycan mətbəxinin şahı" adlı təqdimatlarla çıxış ediblər. Məruzələrdə düyünün vətəni, növləri və bəzi xalqların qidasınını əsasını təşkil etdiyi haqqında, plov sözünün hərfi və lüğəti mənası, plovun yaranma tarixindən, eləcə də Azərbaycanda çəltikçilik tarixindən bəhs edilib. Daha sonra tələbələrin ifasında musiqi nömrələri də səslənib.

ADU-nun İnformasiya Resurs Kompleksində keçirilən festivalın növbəti hissəsində isə Azərbaycan mətbəxinin şahı sayılan plovun 55 növü tədbir iştirakçılarına təqdim edilib və hazırlanma texnologiyası haqqında məlumat verilib. Bununla yanaşı, iştirakçılar plovun "Buta" adlı yeni növü və Azərbaycan bayrağı formasında hazırlanan "Bayraq" plovu ilə də tanış olublar.

"Dadlı hissə" adlanan son hissədə isə ADU Müəllim Azad Həmkarlar Komitəsinin dəstəyi ilə 300 nəfər üçün nəzərdə tutulan müxtəlif plov növlərindən hazırlanmış ziyafət süfrəsi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə