Turistlərin Azərbaycana marağı güclənir

Turistlərin Azərbaycana marağı güclənir

Cari ilin səkkiz ayı ərzində Azərbaycana dünyanın 193 ölkəsindən 1 milyon 976,9 min turist gəlib

Ölkədə iqtisadi inkişaf, yenidənqurma və abadlıq işlərinin görülməsi ölkənin daxili potensialı nəticəsində, Azərbaycanda turizmin sürətli inkişafına gətirib çıxarıb. Yeni mehmanxana və hotellərin inşası və təmiri dövlət siyasətinin həyata keçirilməsində əsaslı rola malikdir. Azərbaycanın turizm sahəsində həyata keçirilən dövlət siyasəti nəticəsində, son illər xidmət səviyyəsinin yüksəlməsi, turoperatorların yeni və cəlbedici marşrutlar təqdim etməsi, kurortların və otellərin sayının artması xarici turistlərin diqqətini cəlb edir. Statistikaya görə, ildən-ilə daxili turizmlə yanaşı, xaricdən gələn turistlərin də sayında artım müşahidə olunur.

Paytaxtımızda dünya standartlarına cavab verən beşulduzlu, dördulduzlu və üçulduzlu hotellər də inşa olunub. Azərbaycanın rayonlarında da bu sahədə işlər görülməkdədir. Artıq ölkəmizin bölgələrində hotelçiliklə bağlı bir sıra işlər görülmüşdür ki, bu da ölkə turizminin durmadan inkişafını reallaşdıran amillərdir. Müasirlik turizm bazarının artmasına öz təsirini göstərir. Təkcə bu ilin yanvar-avqust ayları ərzində, Azərbaycana dünyanın 193 ölkəsindən 1 milyon 976,9 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə, 8,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Onlardan gələnlərin 31,6 faizi Rusiya Federasiyası, 19,5 faizi Gürcüstan, 9,8 faizi Türkiyə, 9,4 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi İraq, 2 faizi Ukrayna, 21,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 9,4 faizi yanvar, 8,4 faizi fevral, 14 faizi mart, 11 faizi aprel, 10,5 faizi may, 13,6 faizi iyun, 16,7 faizi iyul, 16,4 faizi isə avqust ayında ölkəyə gəlib.

Cari ilin yanvar-avqust aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 2,2 dəfə, Səudiyyə Ərəbistanı və

Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 19 faiz, Oman vətəndaşlarının sayı 9,5 faiz artıb. Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında 5,6 faiz, İrandan gələnlərin sayında isə 25,4 faiz azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 0,5 faiz artaraq, 433,6 min nəfər təşkil edib və ümumilikdə, ölkəmizə gələnlərin, demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olub. Yanvar-avqust aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8 faiz artaraq, 77 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,5 faiz artaraq, 734 min nəfər olub. Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,1 faizi dəmir yolu və avtomobil, 42,9 faizi hava, 1 faizi isə su nəqliyyatından istifadə edib. Səkkiz ay ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 3 milyon 89,8 min nəfər olub.

Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artaraq, 3 milyon 89,8 min nəfər olub. Ölkə vətəndaşlarının 30,9 faizi Gürcüstana, 29,7 faizi İrana, 19,6 faizi Rusiya Federasiyasına, 13,4 faizi Türkiyəyə, 1,6 faizi Ukraynaya, 1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,7 faizi kişilər, 34,3 faizi isə qadınlar olub. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 43,4 faiz, Gürcüstana gedənlərin sayı 2,3 faiz artıb, Türkiyəyə gedənlərin sayı 2,8 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 1,9 faiz azalıb.

Əminliklə vurğulayaq ki, Azərbaycanda da son illər bu sektorda müsbət dinamika müşahidə edilir. Ölkəmizə gələn turistlərin sayının ilbəil artması bunu deməyə əsas verir. Tarixi məkanların, ekzotik ərazilərin çox olması turistlərin Azərbaycana marağını artırır. Paytaxtla yanaşı, bölgələrimizdə də turizmin inkişafı üçün xeyli işlər görülür. Bütün görülən işlər yaxın gələcəkdə Azərbaycana turist axınının daha da güclənəcəyindən xəbər verir. Bu gün ölkəmizdə turizmin inkişafı sahəsində əldə olunan nəticələr bu sahəyə ayrılan diqqətin nəticəsidir.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə