Bu gün Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyi tamam olur.
SİA-nın məlumatına görə, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə bəstəkarın yubileyi ölkəmizdə və dünyanın bir çox yerlərində silsilə tədbirlərlə qeyd olunmaqdadır.
Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəs Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olub. Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr eləmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayı kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən olub. Bu ailə 20-ci əsrin Bakı ziyalıları kimi çox da zəngin olmayıb. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib. 1930–cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935–ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olub.
1938–1940-cı ilədək P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (A.N.Aleksandrov) tələbəsi olub. Bir müddət Bakıya qayıtdıqdan sonra 1946-cı ilədək yenidən Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (Dmitri Şostakoviç) tələbəsi olub.
1937–ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilib. Moskvadan qayıtdıqdan sonra 1941–ci ildəMüslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsini tutub. 1944–cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini olub.
1946–cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlamış, elə həmin il SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilib.
1948–ci ildə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçilib, Azərbaycan Dövlət Konservatoriyasının dosenti, Azərbaycan Elmlər Akademiyasının memarlıq və incəsənət İnstitutunun musiqi bölməsinə rəhbərlik etməyə başlayıb. 1949-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının direktoru olub. 1950–ci ildə SSRİ Nazirlər Soveti yanında SSRİ Dövlət mükafatları üzrə komitənin üzvü təyin edilib, 1952–ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçilib.
1953–cü ildə Leninqrad Dövlət Kiçik ("Malıy") opera teatrında "Yeddi gözəl" baletinin ilk tamaşası qoyulub.
1954–1982-ci illərdə SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü olub.
1956–1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləmiş, 1957–ci ildə SSRİ kinematoqraf işçilər ittifaqının üzvü 1962-ci ilədək SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü olub. 1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olub.
1959–cu ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru, Azərbaycan Elmlər Akademiyasının akademiki. 1960–cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilib.
1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı "İldırımlı yollarla" baletindən İkinci süitanın ifası ilə bağlı Los-Ancelesdə I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olub.
1963–ci ildə Leninqrad Kiçik ("Malıy") opera teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olub. 1964–cü ildə SSRİ Böyük teatrının qastrolları zamanı "İldırımlı yollarla" baletinin tamaşaya qoyulması ilə bağlı "Varşava payızı" çağdaş musiqi festivalında iştirak edib.
1965–ci il aprelin 21-i Moskvada, iyunun 2-i Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutub.
1966-cı ildə Dirijorların İkinci Ümumittifaq müsabiqəsində münsiflər heyətinin sədri olmuş, sovet mədəniyyət və incəsənət ustaları arasında İspaniyaya səfər edib, Bakıda "Klassik süitanın" ilk ifası olub.
1968–ci il aprelin 21–də Qorki (indiki Nijni Novqorod) şəhərində, aprelin 28-i Moskvada Violino ilə simfonik orkestr üçün Konsertin ilk ifaları olub.
1969–cu ildə "Yeddi gözəl" baletinin və "Leyli və Məcnun" simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs festivalına, sovet mədəniyyət və incəssənət ustaları arasında Yaponiyaya səfər edib.
1971–ci ildə "Qoyya" filmininə yazdığı musiqi ilə bağlı çəkiliş bölüyü ilə Almaniya Demokratik Respublikasında səfərdə olub.
1972–ci ildə "Varşava payızı" çağdaş musiqi festivalında və bəstəkarlar ittifaqları katibliklərinin toplantılarında keçirilən balet artistlərinin İkincı beynəlxalq musabiqəsində münsiflər heyətinin üzvü olub.
1973-cü ildə P.İ. Çaykovski adına V beynəlxalq musiqi musabiqəsinin münsiflər heyətinin üzvü, modal musiqi məsələləri ilə bağlı Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib.
1976-cl ildə "Gənc bəstəkarların yetişdirilməsi" simpoziumunun işində iştirak edib, sovet və italyan bəstəkarlarının ikitərəfli iştirakı ilə bağlı İtaliyanın Pezaro şəhərinə səfər edib.
1978-ci ildə Ümumdünya müəllif hüquqları agentliyi konqresinin iştirakçısı kimi Parisdə səfərdə olub, Moskva operetta teatrında "Çılğın qaskoniyalı" müziklinin ilk tamaşası qoyulub.
Qara Qarayev həmçinin gözəl müəllim olmuş, neçə-neçə gözəl bəstəkarlar yetişdirib, Azərbaycan musiqisinin tədqiqinə dair məqalələt dərc etdirib.
O, 1982-ci il mayın 13-də 64 yaşında Moskvada vəfat edib. Sənətkar Azərbaycanda torpağa tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB