“Gəncliyin səsi” festivalının açılışı olub FOTOLAR

“Gəncliyin səsi” festivalının açılışı olub FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclər Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ənənəvi olaraq keçirilən “Gəncliyin səsi” festivalının açılışı olub.

SİA-nın məlumatına görə, festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə tədbir iştirakçıları Bakı Turizm Peşə Məktəbinin, Azərbaycan Turizm və Menecment Universitetinin tələblərinin və “ASAN könüllüləri” Mədəniyyət Mərkəzinin gənc üzvlərinin əl işlərindən ibarət fotosərgi ilə tanış olublar.

Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək hər il ənənəvi olaraq keçirilən festivalın əhəmiyyətindən danışıb. Nazir bildirib ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı “2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncamı, Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Həmin vaxtdan etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Bildirilib ki, “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti bu gün də uğurla davam etdirilir.

Daha sonra bir qrup istedadlı gənc mükafatlandırılıb.

Diqqətə çatdırılıb ki, fevralın 6-dək davam edəcək festivalın paytaxtla yanaşı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə