“Traviata” operası nümayiş ediləcək

“Traviata” operası nümayiş ediləcək

Oktyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Traviata" operası nümayiş ediləcək. Teatrdan SİA-ya bildirilib ki, səhnə əsəri Azərbaycanın ilk qadın opera müğənnisi, Xalq Artisti, professor Şövkət Məmmədovanın anadan olmasının 120 illiyi çərçivəsində təqdim ediləcək. Unudulmaz sənətkarın xatirəsinə həsr edilmiş səhnə əsərində teatrın aparıcı solistləri - Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Cahangir Qurbanov, Əkrəm Poladov, Xalq Artisti Əli Əsgərov və gənc solist Nina Makarova çıxış edəcək.

Opera Xalq Artisti, professor Cavanşir Cəfərov tərəfindən idarə olunacaq.

Qeyd edək ki, Milanda və Kiyevdə peşəkar musiqi təhsili almış Ş.Məmmədova uzun illər Opera və Balet Teatrının solisti olmaqla yanaşı, teatrın səhnəsində bir çox parlaq obrazlar - Nərgiz ("Nərgiz"), Gülzar ("Şah İsmayıl"), Şahsənəm ("Şahsənəm"), Cilda ("Riqoletto"), Violetta ("Traviata"), Rozina ("Sevilya bərbəri2) və digər onlarla yaddaqalan obrazlar qalereyası yaradıb.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə