Yeni rəqs növünün ustad dərslərinə yekun vurulub

“YARAT” Müasir İncəsənət Mərkəzində “DanceAbility Azerbaijan” şirkətinin təşkilatçılığı ilə “DanceAbility – inklüziv rəqs” ustad dərslərinə yekun vurulub. SİA-nın məlumatına görə, dərslər tanınmış rəqs pedaqoqu Nigar Sultanova tərəfindən aparılıb. Peşəkar və həvəskar rəqqaslar, autizm və daun sindromlu, nitq, görmə və eşitmə məhdudiyyətli, eləcə də serebral iflicli şəxslər, fiziki və əqli fərqliliklərdə olan insanlar, habelə öz bədənini kəşf etməyə və ünsiyyət üçün müxtəlif vasitələrlə tanış olmağa maraqlı olan hər kəs bu dərslərə qatılıb. “DanceAbility” istər peşəkar, istər daha az təcrübəli rəqqaslar, o cümlədən sağlamlıq məhdudiyyəti olan və olmayan hər kəsə açıq özünəməxsus rəqs metodologiyasıdır. Bu metodologiya 1987-ci ildə ABŞ-da, Alito Alessi və Karen Nelson tərəfindən tərtib edilib. Alito Alessi son 30 il ərzində dünyanın hər yerindən dərslərinə qatılan fərqli bacarıqlarda iştirakçılarla iş prosesindən bəhrələnib. Hazırda DanceAbility rəsmi olaraq Azərbaycanla yanaşı, Avstriya, Finlandiya, Honq Konq, Meksika və Uruqvayda fəaliyyət göstərir. DanceAbility intuisiya, yaradıcı proses, dinləmə və ünsiyyəti inkişaf etdirməyə kömək edir. Bu kömək müqabilində toplum, inklüzivlik və rifah qazanır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...