Bakıda daha bir beynəlxalq tədbir keçiriləcək FOTO

2017-ci ilin 2-5 oktyabr tarixində Yunanıstanın Loutraki şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (ATTŞA) növbəti Baş Assambleyası keçirilir. SİA-nın məlumatına görə, iclasda Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Günel Aslanova iştirak edir.

Tədbiri açıq elan edən Loutraki şəhərinin meri Georgius Gkionis Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına üzv olan ölkələri salamlayaraq, növbəti Baş Assambleyasının məhz bu şəhərdə keçirilməsindən məmnun olduğunu bildirib. Daha sonra Yunanıstanın Bələdiyyələr Birliyinin Prezidenti Georgius Patoulis öz çıxışında bu kimi tədbirlər üzv ölkələrin sağlamlıq və termal imkanlarının təbliğatı üçün mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, ATTŞA-ya 15 ölkədən 42 üzv daxildir. Assosiasiya “Tarixi Termal Şəhərlər Birliyi” yaradaraq onların dünyada tanıdılması və yeni termal imkanların araşdırılması istiqamətində mühüm işlər görür.

Assambleya çərçivəsində Türkiyənin Pamukkale şəhəri, Rusiyanın Kislovodsk şəhəri, İspaniyanın Mondariz Balneario şəhəri, Gürcüstanın İmereti şəhərinin təqdimatları keçirilmiş və səsvermə nəticəsində Assosiasiyaya üzv seçiliblər.

Daha sonra Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günel Aslanova tərəfindən Qalaaltı regionunun geniş təqdimatı keçirilib, sağlamlıq və termal imkanları haqqında məlumat verilib, növbəti ildə üzv ölkələr Azərbaycana dəvət edilib. ATTŞA-nın prezidenti Guiseppa Bellandi 2018-ci ilin may ayında ilk Baş Assambleyasının Azərbaycanda Qalaaltı regionunda keçiriləcəyini bildirib, göstərilən yüksək dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə