Əli Rəcəbliyə həsr olunmuş elmi sessiya keçirilib FOTOLAR

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli tarixçi, numizmat-alim, muzeyin qocaman əməkdaşı, Numizmatika və epiqrafika elmi-fond şöbəsinin müdiri, t.ü.e.d., professor Əli Rəcəblinin 90 illik yubiley tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akad. Nərgiz Axundova, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.ü.e.d. Maisə Rəhimova, tarixçilər, arxeoloqlar, muzeyin kollektivi və b. iştirak ediblər.

Tədbiri Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə xanım Vəlixanlı giriş sözü ilə açaraq qonaqları salamladı və prof. Əli Rəcəblini yubileyi münasibətilə təbrik edib. O, bildirib ki, ömrünün yarıdan çoxunu - 64 ilini numizmatika sahəsinə, muzeyə həsr edib.Alim böyük yaradıcılıq yolu keçərək, uğurlar əldə edib.

N.Vəlixanlı qeyd edib ki, belə gözəl insan və layiqli numizmat alimlə çalışdığımız üçün fəxr edirik. Nailə xanım tarixçi alimə elm yolunda bundan da yüksək zirvələr fəth etməsini və yeni-yeni tədqiqat işləri arzulayıb.

Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva iştirakçılara yubilyar alimin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Tədbirdə tarixçi alimə həsr olunan slayd-film nümayiş olunub.

Sonra AMEA-nın vitse-prezidenti, akad. İsa Həbibbəyli çıxış edib. İ.Həbibbəyli prof. Əli Rəcəblinin tarix elmi və numizmatika sahəsindəki tədqiqatlarından, kitablarından danışdı, alimin əldə etdiyi uğurları bir daha iştirakçıların nəzərinə çatdırıb. O, qeyd edib ki, prof. Əli Rəcəbli illər ərzində qazandığı uğurlara görə, məhsuldarlığının nəticəsi olaraq AMEA-nın prezidenti Akif Əlizadə tərəfindən A.A.Bakıxanov adına medalla təltif olunub. İ.Həbibbəyli tarixçi alimə tədqiqat işlərinin davamını və tarix elminə yeniliklər gətirməsini arzulayıb.

Yubilyar alimi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.ü.e.d. Maisə Rəhimova da təbrik edərək, arxeologiya və numizmatika sahəsində birgə gördüyü işlərdən və əldə olunan uğurlardan bəhs edib.

Sonra yubilyar alimi yaxından tanıyan dostları, həmkarları çıxış edərək onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirin sonunda tarixçi alimə xatirə hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...