16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı
Bu gün 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər "AITF 2017" sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-məlumatına görə, tədbiri giriş sözü ilə açan "Iteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov sərgi haqqında danışıb: "Sabahdan Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər "AITF 2017" sərgisi başlayacaq. 2017-ci ildə sərgi dünyanın 20 ölkəsini təmsil edən 272 şirkəti bir araya toplamaqla, 90-dan artıq müxtəlif xarici turizm istiqamətini, eləcə də ölkə daxilində istirahət imkanlarını yenidən ziyarətçilərə təqdim edəcək. Sərgidə 17 milli və regional stendin təmsil olunacaq. Bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və mehmanxana şəbəkələri, eləcə də turizm sahəsinin digər xidmət növləri təqdim olunacaq. İtirakçılar arasında Azərbaycan, İtaliya, İsveçrə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yer alır. Sərgidə milli və regional stendlər də iştirak edir. Belarus, Çexiya, Dominikan Respublikası, Gürcüstan, Mərakeş və Tailand kimi ölkələr sərgidə milli stend, Sloveniya və Stavropol vilayəti isə regional stendlə iştirak edəcək. Hər il sərgiyə yeni-yeni iştirakçılar qoşulur. Bu il ilk dəfə Kolumbiya və Kubanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə Kolumbiya və Kuba kimi ölkələr öz turizm imkanlarını Azərbaycan sərgisində nümayiş etdirəcəklər. Xarici debütantlar arasında Böyük Britaniya, İtaliya və Çini təmsil edən turizm şirkətlərini qeyd etmək olar".
Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bu sərginin Azərbaycanda 16-cı dəfə keçiriləcəyini bildirərək, ənənə halını aldığını bildirib: "Turizm ölkə iqtisadiyyatının perspektivli sahələrindən biridir: "AITF sərgisi hər il Azərbaycanda turizm bazarının imkanlarını nümayiş etdirməklə, ölkənin daxili turizm sektorunun inkişafında yaxından iştirak edir. Bu sərgi Azərbaycan turizm potensialını xarici iştirakçılara əyanı şəkildə nümayiş etdirir. Qeyd edə bilərik ki, 2016-cı ildə Azərbaycanı 2 milyon 242 min 783 turist ziyarət edib. Bu da 2015-ci ilin göstəricisi ilə müqayisədə 11,7% çoxdur".
Tədbirdə sərginin meneceri Cəmilə Quliyeva çıxış edərək, sərgi haqqında ətraflı məlumat verib: "Xarici eksponentlər arasında Böyük Britaniya, Rusiya, İtaliya, Çin, Türkiyə və Ukraynanı təmsil edən debutant şirkətlər də yer alır. O əlavə edib ki, debütantlar "AİTF" iştirakçıların 34%-ni təşkil edir. Sərgi 6-8 aprel tarxlərində Bakı Ekspo Mərkəzində təşkil olunacaq "AITF" sərgisi ilə yanaşı, regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar "Horex Caucasus 2017" sərgisi keçiriləcək. Sərgi aprelin 6-8-də yalnız turizm peşəkarları, aprelin 8-dən isə sərgi yerində turn bron etmək imkanı olan geniş ictimaiyyət üçün açıq olacaq. Sərgi çərçivəsində vorkşop keçiriləcək və bu tədbir aparıcı yerli turizm şirkətləri ilə işgüzar əlaqələr qurmaq və vasitəçi olmadan birbaşa danışıqlar aparmaq imkanı yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB