“Mədəni turizm məhsulunda milli ornamentlərin təbliği” FOTOLAR

AMEA-da elmi konfrans keçirildi

4 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi AMEA-nın konfrans zalında Memarlıq və İncəsənət İnstitutu ilə birgə "Mədəni turizm məhsulunda milli ornamentlərin təbliği" mövzusunda elmi konfrans keçirmişdir.

Konfransın məqsədini Azərbaycanın ümummilli lideri Heydər Əliyevin sözləri ilə ifadə edə bilərik: "Bizim borcumuz, gələcək nəsillərin borcu tarixi keçmişimizə, ənənələrimizə, milli nailiyyətlərimizə hörmət etməkdən, onları qoruyub saxlamaqdan ibarətdir."

Konfrans çərçivəsində müəssisələr arasında əməkdaşlıq haqqında anlaşma Memorandumunun imzalanma mərasimi təşkil olunub.

Qeyd etmək lazımdır ki, Metodiki Mərkəz indiyə qədər bir çox təşkilat və qurumlarla Memorandumlar imzalamışdır. O cümlədən, Nizami adına AMEA-nın Ədəbiyyat İnstitutu, Folklor İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-informasiya fakültəsi, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Rusiyanın D.S.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi Tədqiqat İnstitutu, Belarus Respublikası Xalq sənətləri və mədəni maarifləndirmə işləri üzrə metodiki mərkəz, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti və s.

Memarlıq və İncəsənət İnstitutunun direktoru Ertekin Salamzadə və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək vurğuladılar ki, milli naxışlar Azərbaycan xalqının tarixi, mədəniyyət və incəsənəti, ədəbiyyatı, memarlığı, bədii miniatür və dekorativ-tətbiqi sənəti ilə bağlıdır. Mədəni turizm məhsullarının hazırlanmasında naxışlardan istifadə etməklə milli ənənələrin qorunması və təbliği müasir dövrdə ən vacib məsələlərdən biridir. Ona görə ki, naxışlar millətin genetik səviyyəsində yaranan identifikasiya kodudur.

Tədbirdə Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova "Hədiyyəlik məhsullar üzərində Azərbaycan tarixinin və mədəniyyətinin brendi - naxışlar", Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşı Məhbubə Əbilova "Azərbaycanın bədii sənətkarlıq nümunələri dünya muzeylərində", Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Aidə Sadıqova "Azərbaycan xalçaçılıq məktəbi ənənə və müasirlik kontekstində", Fəridə Quliyeva "Azərbaycan milli ornamentləri" adlı məruzələrlə çıxış edərək Azərbaycan milli naxışlarının formasından, texnikasından, süjetindən, rəng və kompozisiya rəngarəngliyindən, istifadə qaydalarından söhbət açmışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə