Vaterlo Festivalında Azərbaycan haqqında film nümayiş etdirilib

Vaterlo Festivalında Azərbaycan haqqında film nümayiş etdirilib

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində Belçikanın Vaterlo şəhərində Azərbaycan gecəsi təşkil olunub. SİA-ya ölkəmizin Belçikadakı səfirliyindən verilən məlumata görə, gecədə çıxış edən səfir Fuad İsgəndərov ölkəmizin müstəqilliyini bərpa etdiyi vaxtdan ötən müddət ərzində keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətlər haqqında məlumat verib. Diplomat Azərbaycan və Belçika arasında çoxşaxəli əməkdaşlığın mövcuddluğunu vurğulayıb və hər iki tərəfin bunu daha da inkişaf etdirmək əzmində olduğunu bildirib.

Tədbir zamanı, Vaterlo Tarixi Filmlər Festivalı çərçivəsində məşhur fransız aktyoru Jerar Depardyenin iştirakı ilə çəkilmiş və Azərbaycana həsr olunmuş "Qafqaza qayıdış, Aleksandr Dümanın izi ilə" filmi nümayiş etdirilib. Film Belçika dövlət qurumları, diplomatik korpus və KİV nümayəndələrinin də təmsil olunduğu çoxsaylı izləyicilər tərəfindən maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.

Sonda gecə iştirakçılarının şərəfinə ziyafət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə