M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Art Nouveau (yeni incəsənət) memarlığı: Riqa və Latviya" adlı sərginin açılışı olub. SİA-nın məlumatına görə, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Latviyanın ölkəmizdəki səfirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilib.
Sərginin açılışında çıxış edən Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietseni və qonaqları salamlayaraq ölkələrimiz arasında qarşılıqlı münasibətlərdən söz açıb. Bildirib ki, dövlətlərimiz arasında siyasi tərəfdaşlıqla bərabər mədəni əlaqələr də daim inkişafdadır. Bu gün Azərbaycan-Latviya tərəfdaşlığı bütün sahələri əhatə edir, ikitərəfli münasibətlər uğurla həyata keçirilir. Riqa və Bakının memarlıq cəhətdən oxşar şəhərlər olduğunu vurğulayan nazir müavini hər iki şəhərin memarlarının tarixi abidələrin qorunması baxımından bir-birindən öyrənməli nüansları diqqətə çatdırıb. Bildirib ki, Latviyanın tarixi abidələrinin qorunması təcrübəsi memarlarımız üçün bir nümunədir.
Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietse Bakıdan olmağından məmnunluğunu ifadə edib. Azərbaycan ilə Latviya arasında münasibətlərin möhkəm əsaslar, qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, keçirilən yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Riqanın memarlıq nümunələri olan binalarla məşhurluğunu söyləyən İnara Murnietse sərginin Bakıda, xüsusilə Milli Kitabxanada açılmasını xüsusi dəyərləndirib. Sədr əlavə edib ki, Azərbaycana səfəri siyasi xarakter daşısa da mədəniyyət və incəsənətsiz dostluq və birgə əməkdaşlıq mümkün deyil. İnsanlar yalnız bir-birinin tarixinə və mədəni irsinə bələd olmaqla əlaqələr qura bilərlər. Məhz bu səbəbdən də biz, XX əsrə aid Riqa memarlıq abidələri ilə Bakı sakinlərini tanış etmək istədik. Bu sərgi vasitəsilə Azərbaycanlılar Latviya və Riqa haqqında daha çox məlumat öyrənə biləcəklər. Sonra o, Latviyaya həsr olunmuş kitabları Milli Kitabxanaya hədiyyə edib.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışı zamanı yeni sərgidən, xüsusilə Riqa şəhərinin gözəlliyindən, buranın heykəllər şəhəri olmasından, orada "Art Nouveau" adlı muzeyin fəaliyyət göstərməsindən söz açıb. Direktor bildirib ki, üç ildir Milli Kitabxana ilə Latviya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanıb və iki ildən bir Milli Kitabxanada Latviya Milli Kitabxanasının sərgisi açılır. Diqqətə çatdırıb ki, "Art Nouveau (yeni incəsənət) memarlığı: Riqa və Latviya" sərgisi ilə yanaşı "Latviya bu gün" adlı kitab sərgisində nümayiş olunan kitablar Latviya Milli Kitabxanası tərəfindən həmin sərgilərdə hədiyyə edilib. Kitab sərgisində Azərbaycan Milli Kitabxanasının fondunda qorunan Latviyanın tarixidən, mədəniyyətindən, incəsənətindən, siyasətindən bəhs edən müxtəlif dillərdə ədəbiyyatlar yer alır. Kərim Tahirov qonağa nəfis tərtibatla çap olunmuş "Azərbaycan xalçaları. İrəvan qrupu" , "Qarabağ xanəndələri", " Qobustan minilliklər boyu" və digər kitabları hədiyyə etdi. Sonda qonaqlar sərgi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB