7-ci Qlobal Forumun Yekunları və Nəticələrinə dair
BMT-də toplantı keçirilib FOTOLAR

BMT Baş Qərərgahında BMT Sivilizasiyalar Alyansının Dostlar Qrupunun növbəti iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, iclas cari ilin 25-27 aprel tarixində Azərbaycanın ev sahibliyi etdiyi BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun nəticələrinə həsr olunub. İclası açan BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Nassir Abdulaziz Al-Nasser Azərbaycan Repsublikasının yüksək dəstəyi ilə təşkil edilən 7-ci Qlobal Forumun həm ölkələrin iştirak səviyyəsi, həm iştirakçıların tərkibinə, keçirilən sessiya və tədbirlərin mövzularının əhəmiyyətinə, tədbirin yekun sənədi olan Bakı Bəyənnaməsinin qəbul edilməsinə görə öz məqsədlərinə və hədəflərinə çatdığını bəyan edib.

Azərbaycan Höküməti adından Forumun Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev çıxış edərək keçirilmiş 7-ci Qlobal Forumuna və onun nəticələrinin həyata keçirilməsinə ölkə rəhbərliyinin yüksək diqqət ayırdığını bildirərək Forumda 147 ölkədən 3000-dən çox nümayəndənin iştirak etdiyini, Forumun çərçivəsində 40-dan çox tədbirin keçirildiyini, və bu qlobal platformanın bütün ölkə səviyyəsində dəyərləndirildiyini qeyd edib.

Nazir vurğulayıb ki, bu tədbir iclasların keçirildiyi zallarda aparılmış siyasi müzakirələrlə məhdudlaşmayaraq böyük gənclər hərəkatının, qarşılıqlı mədəni mübadilələrin, insanların təəssüratlarının müxtəlif formalarda ifadəsi üçün bir beynəlxalq platform rolunu oynayıb və qəbul edilmiş Bakı Bəyənnaməsi bütün dünya üçün dinlər və mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın inkişafı naminə strateji hədəfləri müəyyən edib.

Daha sonra Forumla bağlı statistik nəticələr barədə Ali Nümayəndənin kabinet rəhbəri tərəfindən təqdimat keçirilib. Təqdimatda qeyd olunub ki, Forum 700-dən çox beynəlxalq televiziya, qəzet və digər mətbuat orqanları tərəfindən yayımlanmış və xüsusilə sosial şəbəkələrdə tədbir barədə 46 milyondan dəfə təəssürat paylaşılmış və 14 milyondan çox şəxs bu təəssüratlara münasibət bildirib. Təkcə Forumun internet səhifəsindən cari ilin aprel ayı ərzində 250,000-dən çox insan istifadə edib.

Göstərilən rəqəmlər tədbirin qlobal auditoriyaya necə təsir etdiyini bir daha təsdiqləyib.

Təqdimatdan sonra Forumun nəticələri ilə bağlı Mədəniyyət və Turizm Naziriliyi tərəfindən hazırlanmış video çarx nümayiş etdirilib. İclasda çıxış edən Türkiyə, İspaniya, Qətər, Braziliya, İndoneziya, Qırğızıstan, Qazaxıstan, Sudan, İsveç, Kanada, Avstriya, BMÜTT və digər nümayəndələr Azərbaycana ev sahibliyini yüksək səviyyədə təmin etdiyinə görə təşşəkkür edərək, Alyansın gələcək fəaliyyəti ilə bağlı öz ölkələrinin mövqelərini ifadə ediblər.

İclasın yekununda, nazir Əbülfəs Qarayev Forumun təşkilində yüksək səviyyədə göstərdiyi xidmətlərə görə ölkə rəhbərliyi tərəfindən bir sıra şəxslərə orden və medallar verildiyini qeyd edərək, həmin şəxslərdən biri olan BMT yanında Azərbaycan Daimi Nümayəndəliyinin müşaviri Xanım İbrahimovaya "dövlət qulluğunda fərqlənmə medalı"-nı təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə