“Azərbaycan xalq nağılları” adlı sərgi keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən "Bacarıqlı əllər" rəsm dərnəyinin "Azərbaycan xalq nağılları" adlı sərgisi keçiriləcək. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, sərgidə rəsm dərnəyinin müəlliməsi Gilan Əzizxanlının 31 şagirdinin 120-dən artıq rəsm əsəri təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində "Bacarıqlı əllər" adlı rəsm dərnəyi artıq 2 ildir ki, fəaliyyət göstərir. Burada gənc rəssamlar sənətin incəlikləri ilə tanış olurlar. Bununla da onların yaradıcılıq meyilləri artır, təbiətlə ünsiyyətdə olur, virtual həyatdan ayrılıb reallığa qayıdırlar. Kollektivdə nəinki rəngkarlığın müxtəlif çalarları (qrafika, rəngli boya, sulu boya, yağlı boya, rəngli karandaş, qarışıq texnika, vitraj və digərləri) eyni zamanda, uşaqlara müxtəlif plastik materiallardan bədii tərtibatın hazırlanması da öyrədilir. Tez-tez uşaqların fəaliyyəti müddətində çəkilmiş əsərlərdən ibarət sərgilər keçirilir. Rəsm Dərnəyində 4 yaşından 18 yaşınadək uşaqlar fəaliyyət göstərirlər. "Bacarıqlı Əllər" rəsm dərnəyinin müəllimələri Gilan Əzizxanlı və Leyla Dadaşovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...