Azərbaycan Dövlət Musiqili Teatrı növbəti premyeraya hazırlaşır. SİA-nın Mədəniyyət və Turizm Nazriliyinə istinadən verilən xəbərə görə, teatrın repertuarına xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan "Baladadaşın toy hamamı" iki hissəli musiqili lirik komediyası əlavə olunub. Teatrın mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, tamaşanın nümayişi martın 10,11,12-si olacaq.
"10 Mart Milli Teatr Günü kimi qeyd olunur. Məhz, bu tarix Azərbaycan teatr ictimaiyyətinin peşə bayramıdır. Nəzərə alsaq ki, hər bir premyera teatrda həm də növbəti bayram deməkdir, o zaman bu il Milli Teatr Günü kollektivimizdə ikiqat bayram əhval-ruhiyyəsi olacaq. "Baladadaşın toy hamamı" əsərinin premyerası 3 gün nəzərdə tutulub və ilk nümayiş məhz, 10 mart tarixində baş tutacaq. Tamaşada teatrla kino sintez edilib. Eyni zamanda, adət və ənənələrimiz, Bakı kəndlərinin özünəməxsus koloriti ustalıqla əks olunub. Var-dövlətin insanın mənəvi zənginliyinin yanında bir heç olması, dünyanın faniliyi, saf, pak sevgi haqqında olan bu lirik əsər inanıram ki, tamaşaçıların böyük marağına səbəb olacaq", - deyə Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev bildirib.
Qeyd edək ki tamaşanın quruluşçu-rejissoru, xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni əməkdar artist Nofəl Vəliyev, quruluşçu-drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı xalq rəssamı Tahir Tahirov, baletmeystrləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.
Qeyd edək ki, tamaşada səslənəcək mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Mehriban Zalıyeva, Fərid Rzayev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Elçin İmanov və başqaları ifa edəcəklər.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB