“Doğma Naxçıvanım” adlı fərdi rəsm sərgisi

“Doğma Naxçıvanım” adlı fərdi rəsm sərgisi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda rəssam Qəhrəman Tağıyevin "Doğma Naxçıvanım" adlı fərdi rəsm sərgisi təşkil olunub. Tədbirdə çıxış edən sənətşünas Nizami Alıyev sərginin təşkil olunması münasibətilə rəssamı təbrik edərək, onun Naxçıvanın tanınmış, öz dəst-xətti ilə seçilən rəssamlarından biri olduğunu bildirib.

Qeyd edib ki, bugünkü sərgidə nümayiş etdirilən 60-dan çox əsərin böyük hissəsi Naxçıvanın füsunkar təbiətini, mədəniyyətini və tarixini əks etdirir. Bu da rəssamın doğma el-obasına bağlı olmasından irəli gəlir.

Sərgidə çıxış edən Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Həmzə Sadıqov bildirib ki, Qəhrəman Tağıyev gənclik yaşlarından rəssamlığa böyük həvəsi olan və hər zaman səylə çalışan rəssamlardandır və bu gün sərgilənən əsərlər də onun yorulmaz fəaliyyətinin nəticəsidir.

Rəssam Qəhrəman Tağıyev sərginin təşkil olunmasında göstərilən dəstəyə görə öz minnətdarlığını bildirib.

Sonra sərgiyə baxış olub.

Sənətsevərlər böyük estetik zövqlə işlənmiş əsərlərə maraqla tamaşa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə