Yaponiyalı alim Multikulturalizm Mərkəzində konfransa qatılıb

Yaponiyalı alim Multikulturalizm Mərkəzində konfransa qatılıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Yaponiyanın məşhur Vaseda Universitetinin professoru Hiroaki Mohrinin iştirakı ilə konfrans keçirilib. BBMM-dən SİA-a verilən məlumata görə, konfransa Vaseda Universitetinin və Azərbaycan Diplomatik Akademiyasının tələbələri də qatılıb.Konfransı giriş sözü ilə açan BBMM-n icraçı direktoru, professor Azad Məmmədov iştirakçılara Mərkəzin yaranması və fəaliyyəti haqqında məlumat verib. İcraçı katib qeyd edib ki, 2014-cü ildə Azərbaycan Respublikasının sərəncamı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizdə tarixən formalaşan tolerant mühitin, burada yaşayan müxtəlif dini konfessiyaların və milli etnik qrupların əsrlər boyu dostluq, sülh şəraitində birgə yaşamasının məntiqi nəticəsi olub. Məhz bu səbəbdən Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması dünyada heç kəsi təəccübləndirməyib. Hazırda multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və bu siyasət uğurla davam etdirilir. Vaseda Universitetinin Kommersiya fakültəsinin elmlər doktoru, professor Hiroaki Mohri Yaponiya və Azərbaycan multikulturalizmini müqayisəli təhlil edərək ölkələrində Azərbaycandakı kimi müxtəlif milli etniklərin yaşamadığını söyləyib. Professor qeyd edib ki, Yaponiyada müxtəlif dinlərin fəaliyyəti var, amma onlar arasında sıx əlaqələrin olmasını demək çətindir, bizdə son zamanlar emiqrasiya problemləri də qabarmaqdadır. Bu səbəbdən biz Azərbaycanla multikulturalizmin həyat tərzinə çevrildiyi ölkə ilə əməkdaşlıq etməkdə maraqlıyıq. Mərkəzin Analitika və İnformasiya şöbəsinin müdiri, fəlsəfə doktoru Nəriman Qasımzadə Azərbaycan multikulturalizminin tarixi, ədəbi-bədii qaynaqları haqqında danışaraq bildirib ki, Azərbaycan multikulturalizminin başlıca qaynaqlarında yer alan bir məqam azərbaycanlıların milli kimliyi ilə bilavasitə bağlıdır. Azərbaycanlıların etnogenezində türk əksəriyyətli olanlarla bərabər bir sıra başqa etnoslar da iştirak ediblər ki, bu tarixən gəlişmiş azərbaycanlı kimliyini fərqli mədəniyyətlərə açıq saxlayan amillərdən biridir. Yəni, cəsarətlə demək olar ki, azərbaycanlı kimliyinin özü multikultural bir mahiyyətdədir. Bu kimliyin əsrlərcə inkişafında, müsbət nəticələr verməsində Azərbaycan multikulturalizminin siyasi, elmi-fəlsəfi və ədəbi-bədii qaynaqları da kifayət qədər böyük rol oynayıb. Məsələn, ədəbi qaynaqların payına təkcə bunu qeyd etmək yetər ki, on doqquzuncu əsrədək Azərbaycan şairləri üç dildə - Azərbaycan, fars və ərəb dillərində yazıb-yaradıblar. 19-cu əsrdə Azərbaycan dilində şərqdə Avropa üslublu dramaturgiyanın əsasını qoyan və qərb ədəbi dairələrində hələ öz sağlığında ikən "şərqin Molyeri" adlandırılan Mirzə Fətəli Axundov komediyalarını Azərbaycan dilində yazıb, rus şairi Puşkinin ölümünə həsr etdiyi poemasını farsca qələm alıb və poemanı da özü rus dilinə tərcümə edib. Bu nümunələrdə tərbiyə alan azərbaycanlıların multikulturalizmi, əlbəttə, nümunəvi bir model yaratmalı idi. Hazırda bu modelə maraq artmaqdadır və Azərbaycan multikulturalizmi dünyadakı multikulturalizm modelləri arasında diqqət çəkir. Təşkilat şöbəsinin müdiri Hikmət Babayev Mərkəzinin həyata keçirdiyi layihələr barəsində söhbət açaraq deyib ki, fəaliyyətimizdə əsas missiya Azərbaycan multikulturalizminin təbliği və təşviqidir. Biz bunu təkcə xarici ölkələrdə deyil, eyni zamanda öz ölkəmizdə də həyata keçiririk. Qarşılıqlı anlaşmanın və birgəyaşayış normalarının çox zəif olduğu dünyamız münaqişələrdən yaxa qurtara bilmir. Bu baxımdan Azərbaycanda mövcud olan tolerant mühit öyrənilir. Biz tolerantlığı və multikultural dəyərləri bütün dünyada təbliğ etməyə çalışırıq və tezliklə bu geniş bir hərəkata çevriləcək. Yaponiyalı tələbələri bu zəruri və əvəzolunmaz dəyərləri öyrənib təbliğ etməkdə bizimlə bir sırada durmağa çağırırıq.

Konfransda Vaseda və ADA-nın tələbələri arasında maraqlı fikir mübadiləsi aparılıb və "Tolerantlıq diyarı Azərbaycan" sənədli filmi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə