Vaqif Bəhmənlinin yubiley gecəsi FOTOLAR

Vaqif Bəhmənlinin yubiley gecəsi FOTOLAR

Gənc Tamaşaçılar Teatrında şair Vaqif Bəhmənlinin 60 illik yubileyi qeyd edilib. SİA-nın məlumatına görə, "Beş damla" poeziya və musiqi axşamının həm səbəbkarı, həm də aparıcısı yubilyarın özü idi. Şair beş uşağın vəzifə və şöhrət, sevgi, ömür, məhəbbət, alın yazısı kimi həyati məqamlar haqqında verdiyi suallara özünün şeirləri ilə cavab verirdi. Xanəndələr - Sevinc Sarıyeva, Almaz Orucova, Mələkxanım Əyyubova, Nizami Abdullayev və Eldəniz Məmmədovun həzin, ürəyəyatan ifaları gecəyə ayrı bir gözəllik qatırdı.

Öz bənzərsiz ssenarisi ilə bütün iştirakçıların qəlbinə yol tapan yubiley gecəsindən hər kəsin zövq aldığı açıq-aydın hiss olunurdu.

Sonda Vaqif Bəhmənli yubiley gecəsinin təşkilində dəstək göstərənlərə, xüsusilə da işlədiyi kollektivə, tədbirin ideya müəllifi, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə təşəkkürünü bildirdi.

Şair, tərcüməçi, publisist, Əməkdar mədəniyyət işçisi V.Bəhmənlinin 35-dən çox kitabı işıq üzü görüb. Çox sayda beynəlxalq poeziya və ədəbiyyat festivallarında iştirak edib. Əsərləri rus, özbək, ukrayna, türk, alman, ingilis, türkmən, gürcü dillərinə tərcümə olunub. Vaqif Bəhmənlinin elə şeirləri var ki, yalnız poetik yox, poetik-fəlsəfi kəşf sayıla bilər. 70-ci illərdən başlayan zəngin yaradıcılığının son iki-üç ilində yazdığı yüzlərlə poetik məhsul içərisində ədəbi yaddaşda qalacaq onlarla nümunə mövcuddur. Bütün bunlar şairin büllur kimi təmiz, bulaq kimi qaynar istedadının nəticəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə