Gəncə şəhərindəki Məhsəti Gəncəvi Mərkəzində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə kitabxana işçilərinin Gəncə-Qazax zonası üzrə müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Gəncə, Mingəçevir, Naftalan, Yevlax şəhərləri, Qazax, Ağstafa, Goranboy, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Samux, Şəmkir və Tovuz rayonlarının kitabxanaçıları iştirak edirdi.
Müşavirədə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzeylər, musiqi məktəbləri, mədəniyyət mərkəzləri və kitabxanaların istifadəyə verildiyini bildirib. Qeyd olundu ki, kitabxana sahəsinin inkişaf etdirilməsi dövlətimizin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir. Bununla bağlı müvafiq dövlət proqramı və layihələr həyata keçirilir. Eyni zamanda yerlərdə kitabxanaların işinin müasir tələbləri səviyyəsində qurulması ilə bağlı çatışmazlıqlar, problemlər qalmadadır.
Bildirildi ki, bu gün qloballaşan dünyada informasiya vasitələrinin inkişafı, məlumatların daha sürətlə yayılması ilə bağlı elektron kitabxana sistemləri formalaşır. Ölkəmizdə də bu proses gedir. Bu sahədə işimizi günün müasir tələbləri səviyyəsində qurmalı, kitabxanaların geniş ictimai maraq doğuran mədəniyyət ocaqların kimi əvvəlki imicinin geri qaytarılmasına, onların yeni reallıqlara uyğun informasiya təminatını həyata keçirməsinə nail olmalıyıq.
Vaqif Əliyev elektron informasiya vasitələrinin inkişaf etdiyi bir dövrdə kitabxanalara gələnlərin sayının azalmasının təkcə Azərbaycan kitabxanalarının deyil, ümumilikdə dünya kitabxanalarının üzləşdiyini reallıq olduğunu vurğuladı. Qeyd etdi ki, bu sahədə bir sıra işlər görülür. Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin vahid elektron şəbəkədə birləşdirilməsi və daha rahat, internet vasitəsi ilə istifadə üçün müvafiq proqram həyata keçirilir.
Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova Gəncə-Qazax zonasında yerləşən 14 şəhər və rayonun Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində görülən işlər, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi. Slayd vasitəsi ilə mövcud vəziyyəti əyani təqdim etdi, eyni zamanda mövcud çatışmazlıqlar barədə danışdı.
Müşavirədə "Tələbə və gənclərə kitabxana xidmətinin yüksək səviyyədə göstərilməsi", "Kitabxananın maddi-texniki bazasının möhkəmləndirilməsi vacib amillərdən biridir", "Nağıl otağı - uşaqların sevimli məkanı", "Kitabxana filiallarında oxuculara xidmət işinin təşkili", "Kitabxanalar maraqlı tədbirlər məkanı kimi", "Kitabxana xidmətində internet və elektron resursların rolu", "Kənd kitabxana filiallarında oxucularla aparılan işin xüsusiyyətləri" mövzularında müzakirələr aparıldı. kitabxana mütəxəssisləri tərəfindən müvafiq sahəyə dair fikir və təcrübə mübadiləsi aparılıb.
Azərbaycan kitabxanalarını vahid şəbəkədə birləşdirən Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sistemi (ALİSA) haqqında ətraflı məlumat verildi, bu sistemdən istifadə zamanı mütəxəssislər tərəfindən müşahidə edilən problemlər və onların həlli məsələləri nəzərdən keçirilib.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxışında ALİSA sisteminin tətbiqi, rayon və şəhər kitabxanalarının əməkdaşları üçün keçirilən silsilə treninqlər barədə danışdı.
Müşavirəyə yekun vuran Vaqif Əliyev mövcud çatışmazlıqların aradan qaldırılması üçün tapşırıq və tövsiyələrini verib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB