Yaponiyanın "Sülh naminə Daş Hirosima Assosiasiyası" təşkilatı və Yaponiyanın "Kyodo News" informasiya agentliyi dünyada sülhün təbliği məqsədilə "Sülh naminə Daş" adlı xatirə simvolunu Azərbaycan Respublikasına hədiyyə edib. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində bu simvolun təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İkinci Dünya müharibəsindən sonra Yaponiyanın Hirosima şəhərinə atılmış atom bombasının bəşəriyyət tarixindəki ən böyük faciələrdən biri olduğunu söyləyib. Qeyd edib ki, bu faciə nəticəsində şəhərin 60 faizi dağılıb, 200 mindən çox insan həlak olub.
Nazir diqqətə çatdırıb ki, 1946-cı ildə Hirosima sülh şəhəri statusuna layiq görülüb. Müxtəlif ictimai təşkilatlar, dövlət orqanları tərəfindən sülhün bərpa olunması naminə layihələr həyata keçirilir. "Sülh naminə Daş Hirosima Assosiasiyası" bu təşkilatlar arasında özünə layiqli yer tutub. 1991-ci ildən bu assosiasiya müxtəlif layihələr reallaşdırır. Assosiasiyanın təşəbbüsü və Yaponiya hökumətinin dəstəyi ilə keçirilən "Sülh naminə Daş" adlı xatirə simvolunun təqdim edilməsi layihəsi bir sıra ölkələri əhatə edir. Faciənin baş verdiyi ərazidən çıxarılan daş lövhələr dünyada sülh çağırışının simvoluna çevrilib.
Nazir ölkəmizin müharibə şəraitində yaşadığını, torpaqlarının 20 faizinin düşmən tapdağı altında olduğunu vurğulayaraq Azərbaycan dövlətinin apardığı siyasətin sülhə yönəldiyini, mövcud münaqişənin sülh yolu ilə həllinə çalışdığını söyləyib.
Ə.Qarayev "Sülh naminə Daş" simvolunun Milli İncəsənət Muzeyinə yerləşdirilməsi qərarına gəldiklərini vurğulayaraq bildirib ki, simvolun muzeyin daimi ekspozisiyasına daxil edilməsi atom faciəsi qurbanlarına hörmət rəmzi olmaqla yanaşı, Azərbaycan-Yaponiya mədəni əlaqələrinin inkişafına yeni töhfədir.
"Sülh naminə Daş Hirosima Assosiasiyası"nın sədri Michio Umemoto nəzərə çatdırıb ki, 1945-ci il avqustun 6-da Yaponiyanın Hirosima şəhərinə atom bombası atılıb. Minlərlə dinc insan bu vaxta qədər görünməmiş dəhşətli faciənin qurbanına çevrilib. Artıq bu faciədən 70 il ötməsinə baxmayaraq, onun yaratdığı fəsadları hələ də bir çox insanlar öz üzərində daşıyırlar. Hirosima qurbanlarının xatirəsi hər il Yaponiyada dərin hüznlə yad edilir.
Michio Umemoto bu gün təqdim edilən daş lövhənin atom bombasının düşdüyü ərazidən 200 metr aralıdan çıxarıldığını qeyd edərək bildirib ki, simvolu qəbul etməyə razı olduğunuz üçün başda Prezident İlham Əliyev olmaqla Azərbaycan hökumətinə təşəkkür edirik. Vurğulayıb ki, ölkələrin bu simvolu qəbul etməsi ilə hədəf seçdiyimiz sülh çağırışı bir az da genişlənir.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi iki ildir ölkəmizdə səfir işlədiyini vurğulayaraq vətəndaşlarımızın Yaponiyaya sevgi ilə yanaşmasının onu çox sevindirdiyini dilə gətirib. Səfir azərbaycanlıların Herosima hadisəsinə diqqət göstərdiyini qeyd edərək onların Yaponiyaya gedərkən bu faciənin baş verdiyi əraziləri ziyarət etdiklərini söyləyib. O, təqdim edilən simvolun Azərbaycan və Yaponiya dostluq münasibətləri üçün daha bir addım olduğunu deyib.
Sonra "Sülh naminə Daş" adlı xatirə simvolunun açılış olub. Azərbaycanla bərabər artıq bir çox ölkələrə hədiyyə edilmiş daş üzərində təsvir edilən əbədi sülh arzulayaraq dua edən Kanon ilahəsi monolit yonulmuş relyefli baş şəklindədir. İlahənin obrazı 3/4 sağa doğru çevrilib, budda ikonoqrafiya incəsənəti ənənəsində, çiyninə tökülmüş şinyonla bəzədilmiş saçları üzərində yoqa duruşunda Buddanın təsviri yonulub, qulaqlarında dairəvi sırğalar, sinəsi 9 iri dairəvi muncuqlarla bəzədilib.
Azərbaycan hökuməti adından simvolun sənədini Baş nazirin müavini Elçin Əfəndiyev qəbul edib.
Qeyd edək ki, tədbir iştirakçıları, həmçinin muzeydə Hirosima faciəsini əks etdirən fotosərgi ilə də tanış olublar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB