Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyası daha bir xeyriyyə konsert-tamaşasına hazırlaşır. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu dəfə balaca teatr həvəskarları həmyaşıdlarını 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə öz ətraflarına toplayacaqlar.
UNİMA Azərbaycan Milli Mərkəzinin dəstəyi ilə noyabrın 5-ə təsadüf edəcək bayram tədbirində balaca istedadların ifasında "Yatmış gözəl" adlı tamaşa təqdim olunacaq. Dünya ədəbiyyatından məşhur əsər əsasında yazıçı Səidə Haqverdiyevanın səhnələşdirdiyi və Cəmilə Allahverdiyevanın quruluş verdiyi 2 saatlıq tamaşa-konsertdə Azərbaycan və dünya nağıl qəhrəmanlarının vəhdətdə təqdimatı nəzərdə tutulur.
Uşaqlara vətənpərvərlik, dürüstlük, dünyaya məhəbbət, sülhə çağırış aşılayan tamaşanın ardınca balacaların ifasında rəngarəng konsert proqramı təqdim olunacaq.
Proqramda studiyanın fəalları Aylin Nəcəfli, Selcan Museyibova, Tunar İsa, Nazim Hacıyev, Aydan Əhmədova, İlham Qasımov, Nigar Xanmirzəyeva, Miryaqub Seyidov, Ömür Səfərəliyeva və Nuray Əkbər çıxış edəcək.
Qeyd edək ki, xeyriyyə konsert-tamaşasına Bakının internat məktəbi və uşaq evlərindən balacalar da dəvət olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB