“Nabat”ın növbəti uğuru

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor Elçin Musaoğlunun dövlət sifarişi ilə çəkdiyi "Nabat" bədii filmi Qazaxıstanın Almatı şəhərində keçirilən XI Avrasiya Beynəlxalq Film Festivalında iştirak etmiş, "Ən yaxşı rejissor işi" və "Ən yaxşı aktrisa" (Fatimə Motamed Arya) mükafatlarına layiq görülüb. SİA-nın məlumatına görə, Qarabağ müharibəsinin dramatik hadisələrindən birini özündə əks etdirən, güclü milli ruhun daşıyıcısı olan Azərbaycan qadınının parlaq obrazının yaradıldığı "Nabat" filmi bugünədək onlarla kinofestivalda iştirak etmiş və maraqla qarşılanmışdır. O cümlədən, film 71-ci Venesiya kinofestivalı, Milan kinofestivalı, 50-ci Beynəlxalq Çikaqo kinofestivalında nümayiş olunub. Almaniyanın Manheym və Heydelberq şəhərlərində keçirilən 63-cü Beynəlxalq Kinofestivalda "Beynəlxalq tənqidçilər mükafatı" və "Ekumenik jürinin mükafatı"na, Tripoli Beynəlxalq Film Festivalında "Ən yaxşı tammetrajlı bədii film" mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə