BMÜTT/İCAO birgə forumu təşkil olunub FOTO

BMÜTT/İCAO birgə forumu təşkil olunub FOTO

Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 21-ci Sessiyası çərçivəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) ilə birgə forum təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, forumun əsas mövzusu turizm və aviasiya arasında olan əlaqənin möhkəmləndirilməsi, çətinliklərin müəyyən edilməsi və həlli yollarının müzakirəsi idi.

BMÜTT-nin Baş Katibi Taleb Rifainin başçılığı altında, eləcə də CNN kanalında çalışan məşhur jurnalist Richard Questin iştirakı ilə keçirilən forumda bir neçə ekspertlər və ölkə nümayəndələri çıxış edib. Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edərək məsələnin turizmin inkişafında əhəmiyyətini bildirib. O diqqətə çatdırıb ki, son illərdə böyük inkişaf əldə edən hava nəqliyyatı dünyanın qloballaşmasında, ölkələrin və insanların sülhə doğru addımlamasında mühüm rol oynayır. Eyni zamanda o, bu inkişafda beynəlxalq təhlükəsizlik şərtlərinin nəzərə alınmasının da əhəmiyyətli məsələ olduğunu bildirdi.

Nazir müavini çıxışında cənab Prezidentin tapşırığı ilə bu il həyata keçirilən hava uçuşlarında yeni qiymət siyasətini qeyd etmiş və görülən işlərin turizmə müsbət təsir edəcəyini bildirib. Həmçinin çıxışın sonunda Nazim Səmədov aviasiya və turizm sahələrinin əməkdaşlığına dair təlimlərin keçirilməsini və müxtəlif təcrübələri əks etdirən məlumat materiallarının yaradılmasını təklif etdi.

Sessiya çərçivəsində nazir müavini Nazim Səmədov Portuqaliyanın İqtisadiyyat Naziri Antonio Pires de Lima, Slovakiyanın Dövlət Katibi Frantisek Palko, Bolqarıstanın Turizm Naziri Nikolina Angelkova, Monakonun Dövlət Turizm Administrasiyasının baş katibinin müavini Guy Antognelli, Braziliyanın Mədəniyyət nazirinin müavini Alberto Alves, İspaniyanın turizm üzrə Dövlət Katibi İsabel Borrego, Çexiyanın Regional İnkişaf Naziri Karla Slechtova, Seyşel Adalarının Mədəniyyət və Turizm Naziri Alain St. Ange, Litvanın İqtisadiyyat Naziri Evaldas Gustas ilə görüşlər keçirib.

Kolumbiyanın Medellin şəhərində keçirilən BMÜTT Baş Assambleyasının 21-ci Sessiyası 12 sentyabr tarixində başlayıb və 17 sentyabr tarixinə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə