“Qızıl Kəlmə” ədəbi mükafatı təqdim edildi FOTOLAR

“Qızıl Kəlmə” ədəbi mükafatı təqdim edildi FOTOLAR

Bu gün Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" ədəbi mükafatının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli çıxış edərək mükafatın tarixi haqqında məlumat verib.

Bildirilib ki, mükafat 2008-ci ildə təsis olunub, 2009-cu ildə ilk qaliblər müəyyən edilib. Əsasnaməyə uyğun olaraq iki ildən bir keçirilən müsabiqə Azərbaycan dövlətinin mədəniyyət siyasətinin tərkib hissəsi olaraq, yaradıcı insanların əməyini stumullaşdırmaq, müasir qələm sahiblərini geniş oxucu dairələri tərəfindən maraqla qarşılanan əsərləri yaratmağa təşviq etmək məqsədi daşıyır.

Sayca dördüncü olan mükafata 5 nominasiya, nəsr, poeziya, ədəbi tənqid və publisistik, orijinaldan bədii tərcümə və uşaq ədəbiyyatı üzrə 61 əsər təqdim edilib.

Əsərlər nazirliyin rəhbərliyi ilə nüfuzlu qələm sahibləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Çingiz Əlioğlu, Nizaməddin Şəmsizadə, Telman Vəlixanlı, Vaqif Bəhmənli, Rəşad Məcid, Vaqif Yusifli və Elnarə Akimovadan ibarət 11 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bu il beş əsas mükafatla yanaşı daha iki əsəri fərqləndirən "Şans" mükafatının verilməsi də məqsədəuyğun sayılıb. Ümumilikdə 11 əsər mükafata layiq görülüb.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, "Qızıl Kəlmə" mükafatının nominasiyaları o sahələri daha çox əhatə etməlidir ki, ədəbiyyatın həmin sahələrində daha geniş tədqiqata ehtiyac var. Oxucu tələbatı, seçilən əsərlərin sonradan Azərbaycan ədəbiyyatında təsiri nəzərə alınmalıdır. Burada bizim üçün önəmli olan odur ki, ədəbiyyatın bütün istiqamətləri təmsil olunsun və yazarlar arasında maraq yaransın. Bu da yeni-yeni sənət əsərlərinin meydana gəlməsinə təkan yaradır.

Sonra "Qızıl Kəlmə" ədəbi mükafatının qalib müəllifləri və əsərləri və elan edildi:

Nəsr nominasiyası: Natiq Məmmədli ("Körpüdə ümid" romanı) və Şəmil Sadıq ("Odərlər" romanı).
Poeziya: Əhməd Qəşəmoğlu ("Sonsuzluğun ahəngi" şeirlər kitabı) və Ramiz Məmmədzadə ("Ümid" şeirlər kitabı).
Ədəbi tənqid və publisistika üzrə: Azər Turan ("Əli bəy Hüseynzadə") və Bədirxan Əhmədov ("XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələləri və problemləri").

Bədii tərcümə: Şıxəli Əliyev (Nəcib Məhfuzun "Fivin mübarizəsi" romanı) və Kazım Səlimov (Stiven Kinqin "Yazı sənəti" kitabı).
Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası: Qəşəm İsabəyli ("Leyləyin intiqamı") və Sevinc Nuruqızı ("Qədim Bakıya səyahət" kitabı).
"Şans" mükafatı: Fuad Babanlı ("Qırovdan sonra") və Rəşid Faxralı ("Ömrümün üç nöqtəsi").

Mükafatlandırılanlar yaradıcılıqlarına verilən qiymətə görə Mədəniyyət və Turizm Nazirliyinə, münsif heyətinə öz təşəkkürlərini bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə